Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 14-də davam etdirilib.
"Unikal" xəbər verir ki, təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin, dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarını cavablandıraraq deyib: “1990-cı illərdə Robert Köçəryan, Murad Petrosyan, Manuçuryan və digərləri Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində mitinqləri təşkil edənlər və “hərəkat”ın önündə gedənlər olublar”. O, 1988-1990-cı illərdə Xankəndidə yaşayan azərbaycanlıların evlərini necə qoyub getmələrini də xatırladığını bildirib və əlavə edib: “Körpünün (Xəlfəliçay üzərindəki körpü – red.) partladılmasını da xatırlayıram”.
O, hansısa küçədə azərbaycanlıların evlərinin yandırılması, qətllər, qarətlər barədə eşitdiyini bildirib. Buna baxmayaraq, təqsirləndirilən şəxs hadisələrin məhkəmədə açıqlanan miqyasda olması barədə məlumatsız olduğunu iddia edib və qeyd edib: “Bilmirdim ki, bu qədər qətl, zorakılıq olub. Cinayət işlərinin açılmasından da məlumatsız idim. Eşidirdim, görürdüm ki, Xankəndidə azərbaycanlıların hərəkət etmələrində, məsələn, dükandan nəsə almalarında problem var idi. Oradakı azərbaycanlıların evlərindən getmələrinə gəlincə, dəqiq budur ki, onlar bunu könüllü etməyiblər”.
Təqsirləndirilən şəxs qətllərin olmasını da təsdiqləyərək deyib: “Bəli, çoxlu qətllər, hətta ermənilərin erməniləri öldürdükləri faktlar da olub. Yəni, ermənilər təkcə azərbaycanlılara qarşı olmayıblar, orada məişət, siyasi zəmində ermənilərin erməniləri öldürmələri halları olub. Xankəndidə, Qarabağda yüksək vəzifəli şəxsi öldürüblər”.
A.Harutyunyan Xankəndidə öldürülən vəzifəli şəxsin adını da açıqlayıb və əlavə edib: “Adı Valeri Qriqoryandır. Onun qətli ilə bağlı müxtəlif versiyalar var. Biri o idi ki, o, Bakıya gedərək azərbaycanlılarla görüşüb. İkinci versiya o idi ki, vəzifə üçün öldürülüb. Fakt bu idi ki, Bakıdan qayıdandan sonra öldürülüb, deməli, birinci variant daha uyğundur”.