"2002-ci il referendumunda proporsional seçki sistemi ilə bağlı dəyişikliklərin təşəbbüskarları olan iqtidar tənqidlərə məruz qalırdı. Səbəb o idi ki, sanki bu, siyasi sistemin zəifləməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, mövcud dəyişikliklərlə sonralar bir sıra postsovet ölkələrində gördüyümüz proporsional korrupsion sistemə son qoyduq. Siyasi partiyalar inkişafından da qalmadı. Hətta sonrakı mərhələlərdə daha da inkişaf etdilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi elmi-praktik konfransda çıxışı zamanı komitə sədri Əli Hüseynli deyib.
"O dövrdəki həmin apponentlərin aqrumentləri özünü doğrultmadı. Əminliklə deyə bilərəm ki, biz çox düzgün addım atmışıq. Bu gün majoritar seçki sistemi, yəni, təmsilçilik seçici ilə deputat arasında həm əlaqə, həm də məsuliyyət yaradır. Bunun təzahürlərindən biri qəbullardır. Lakin zamanında hansı siyasi mənsubiyyətindən asılı olmayaraq onların vətəndaş, yaxud seçici qarşısında heç bir öhdəliyi yox idi. 2009-cu ildəki dəyişikliklə bir şəxsin iki dəfədən artıq dəfə seçilməsinə məhdudiyyət qoyulması məsələsini də fərdlə əlaqələndirirdilər. Arqumentimiz çox sadə idi, yəni, biz kimsəyə bir neçə dəfə seçilmək üçün qanunvericilik imkanı yaratmırdıq. Biz seçilən üçün yox, seçən üçün imkan yaradırdıq. Bütün hallarda nəticə onu göstərirdi ki, biz düzgün yoldayıq", - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev