Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir.

Bu barədə xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev "Unikal"a verdiyi açıqlamada deyib. O bildirib ki, 17.05.2025-ci il tarixində saat 16:50 radələrində Lənkəran şəhəri Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər (2-i kişi, 1-i qadın cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.

İki nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta-ağır qiymətləndirilir. Bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

***

Lənkəranda avtomobil körpüyə çırpılıb, 3 nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə, üç nəfərin xəsarət aldığı qəza Lənkəran şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Lənkəran rayonunun Tütəpeştə kənd sakini 1987-ci il təvəllüdlü Tərlan Yaqub oğlu Rəhimov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşısına küçə iti çıxıb. İdarəetmədən çıxan avtomobil körpüyə çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlə - sürücünün həmkəndliləri 1969-cu il təvəllüdlü Kinənaz İsmayıl qızı Qurbanova və onun oğlu 1996-cı il təvəllüdlü Elman Solduz oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

K.Qurbanova sol baldır sümüyünün 1/3 yerdəyişən sınığı, sağ pəncənin 2-ci dərəcəli termiki yanığı(üzərində olan qaynar termos üstünə dağılıb), sol pəncənin kəsilmiş yarası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev