Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə bir sıra layihələr həyata keçirir.
"Unikal" xəbər verir ki, belə layihələrdən biri də Konfederasiyanın üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan “Sağlamlığa doğru qaç!”dır. Uğurla icra olunan layihə çərçivəsində iyunun 1-də Bakı şəhərində qaçış yarışı keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib.
Yarışın açılış mərasimində çıxış edən Konfederasiyanın sədr müavini Qəzənfər Abdullayev, Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova ölkəmizin idman sahəsində nailiyyətlərindən söz açıb, idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda uğurlarından danışıblar. Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlətimizin idman və gənclər siyasətinə yaxından dəstək göstərir, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının yetirmələri mötəbər idman tədbirlərində ölkəmizi layiqincə təmsil edirlər. Həmçinin “Sağlamlığa doğru qaç” layihəsinin əhəmiyyəti qeyd olunub, iştirakçılara uğurlar arzulanıb.
Sonra vətənpərvərlik mövzusunda səslənən mahnılar və rəqs qruplarının ifasında milli rəqslər tamaşaçılar və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb və onlara xoş ovqat bəxş edib.
Dövlət Bayraq Meydanının qarşısından start verilən yarışda Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun səhiyyə işçiləri, Azərbaycan Dövlət Tibb Universitetinin, tibb kollecinin tələbələri iştirak ediblər. Yekunda qalib gələn 6 iştirakçı mükafatlandırılıb. Qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yarışda tamaşaçı qismində iştirak edən uşaqlara hədiyyələr verilib. Tədbirin təşkilinə Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri və AHİK könüllüləri də dəstək göstəriblər.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, 17 İyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunan “Sağlamlığa doğru qaç!” layihəsi tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.