Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Benilülks ölkələrinə səfəri çərçivəsində Niderland Krallığındakı Azərbaycan icması ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.

"Unikal" xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland Krallığı üzrə koordinatoru Elxan Mirhəşimli Şuranın fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu diaspor siyasətinin mühüm nəticəsidir ki, Azərbaycan dövləti ilə xaricdə yaşayan soydaşlarımız arasında, eləcə də icmalar daxilində əlaqələr daha da intensivləşib, koordinasiyalı fəaliyyət geniş vüsət alıb”, - komitə sədri bu sözləri Azərbaycan icması ilə görüşdə səsləndirib. 

Toplantıda dövlət başçısının çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub, Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr barədə geniş məlumat çatdırılıb.

Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə son illər Azərbaycan diasporunun siyasi fəallığının və nüfuzunun daha da artdığını dilə gətirib, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında soydaşlarımızın xüsusi rolunu vurğulayıb.

Daha sonra Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, perspektivə dair təkliflər səsləndirilib, gələcək fəaliyyət istiqamətləri müzakirə olunub, icma üzvlərinin suallarına cavab verilib. Soydaşlarımız koordinasiyalı fəaliyyətə göstərilən dəstəyə görə minnətdarlıq edib, birgə işləməyin daha səmərəli nəticələr verdiyini vurğulayıblar. 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasına yeni koordinator seçilib.  

Azərbaycan - Niderland Odlar Yurdu Cəmiyyətinin rəhbəri Firəngiz Bağırovaya milli musiqimizi Avropada uğurla təbliğ eydiyinə görə Fəxri Fərman təqdim olunub. 

Tədbirin bədii hissəsində “Niderland Qala Qrupu” milli musiqilərimizi təqdim edib, soydaşlarımıza unudulmaz anlar yaşadıb.