Bu ilin may ayında Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə), 4 gün normadan aşağı (0.2-1.2 dərəcə), 1 gün norma daxilində olub, orta aylıq temperatur isə müsbət 20.4 dərəcə qeydə alınıb.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, may ayı ərzində ölkə üzrə maksimal temperatur mayın 31-də Kürdəmirdə 37,6, Bakıda və Abşeron yarımadasında isə mayın 30-da 33.5 dərəcə isti qeydə alınıb. Minimal temperatur isə ölkə üzrə mayın 7-də Şahdağda 1 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə mayın 1-də 9.8 dərəcə isti müşahidə olunub.
Mayda əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 203 faizi olmaqla Mərkəzi Aran zonasına (Hacıqabul 54 millimetr) və aylıq normanın 68 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Maştağa 14 millimetr) düşüb.
Ölkəmizdə may ayında 27 dəfə dolu hadisəsi qeydə alınıb. Dolunun ən böyük diametri Kəlbəcər rayonunda 30-35 millimetr olub.
Mayda bəzi günlərdə küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 17, bölgələrdə isə 22 gün hava şəraiti küləkli keçib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə saniyədə 28 metrədək güclənib.