Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası start götürüb.
"Unikal" xəbər verir ki, imtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsi test üsulu ilə kompüterdə, yazılı və hesabat formalarında təşkil olunur.
İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə yaradılan İmtahan Qərargahı və Apellyasiya Komissiyası sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Rəhbərliyin tam nəzarəti altında keçiriləcək sessiyada bütün imtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun keçirilməsi, nizam-intizamın yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Tələbələr universitet daxili intizam qaydaları, imtahan cədvəlləri üzrə kafedralarda müvafiq imtahan qabağı məsləhət saatlarının təşkili, eyni zamanda imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət qaydaları haqda ətraflı məlumatlandırılıb.
İmtahan müddəti ərzində Universitetin Əsaslı kitabxanası və oxu salonunun saat 08:30-dan 19:00-dək xüsusi qrafik əsasında işləyəcək.
Qeyd edək ki, imtahan sessiyası 5 iyul tarixində yekunlaşacaq.