Günlərdən 5 iyundur. Tarix xatırladır ki, bu gün repressiya qurbanı olan böyük şairimiz Mikayıl Müşfiqin doğum günüdür. Bu araşdırmda Müşfiqin 30 illik natamam taleyinə işıq tutacağıq.

"Unikal" xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 117 il ötür.

Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir 1902-ci ildə Xızıdan Bakıya köçüb. 1908-ci ildə isə oğlu Mikayıl Bakının Dağlı məhəlləsində dünyaya gəlib. Müşfiq hələ altı aylıq ikən anası Züleyxanı, altı yaşında isə atasını itirib. Anasının vəfatından sonra atası onu Xızıdakı qohumu olan Səfiyyə xanıma verib. 

Şairin əmisi nəvəsi Reyhanə İsmayılzadənin sözlərinə görə, Müşfiqin uşaqlığı da keşməkeşli keçib: "Altı aylığında anası dünyasını dəyişib, Mirzə Əbdülqədir əmi onu Xızıya, Səfiyyə bibinin yanına aparıb. Onun süd qardaşı da olub, 3 yaşına qədər orada Səfiyyə bibinin himayəsində qalıb. Artıq 6 yaşında atası rəhmətə gedəndən sonra, əmisinin, yəni mənim babamın himayəsində böyüyüb. 

Günahsız, nakam Müşfiqin digər qohumları da günahsızcasına güllələnib, sürgünə göndərilib. Bircə mənim atamla bacısı Balacaxanım qayıdıb gələ bilmişdi. Bildiyiniz kimi, bacısı Böyükxanım Müşfiqin güllələnmə xəbərini eşidən kimi özünü yandırıb. Bir övladı olur, o da 8 aylığında ölür. 

Elə bil əmr alıblar ki, bunun nəsil-kökünü yox etmək lazımdır. Mən hələ Sovet dövrünün sonlarında da gördüm ki, atam düz deyirmiş, bunlar hələ də Müşfiqi qəbul etmirlər. Düşünürdülər ki, Müşfiqin qohumunun nəsə xainliyi ola bilər. Məndən əvvəl bacı-qardaşım olub. Atamı Bakıya buraxmayıblar, Siyəzəndə yaşayıb. Amma anam burada iki uşaqla tək qalıb. Uşaq üç gün can verib, atama xəbər göndəriblər, gecəyarı gəlib çıxıb. Uşağın əlini tutan kimi ölüb. Gecəylə oğlan uşağını aparıb dəfn ediblər, gəlib görüblər ki, qız da yoxdur. Baxıblar ki, qapının arxasında o da ölüb. Onlar da repressiya qurbanı sayılır, atam yanlarında olsaydı ölməzdilər". 

Mirzə Əbdülqədir altı aylıq Mikayılı bibisi qızı Səfiyyə xanıma verəndə, onun da Gülhəsən adlı körpəsi var imiş. Müşfiqlə süd qardaşı olan Gülhəsən onunla qohumluğuna görə repressiyadan qaçmağa çalışıb. Buna görə də yaxınlarına Türkmənistana getdiyini deyib. Əslində isə Zərdab rayonunda məskunlaşıb.

Bu barədə onun qızı, Səfiyyə xanımın qızı Həcər Səfərzadə danışıb: "Müşfiqə süd verən Səfiyyə xanım mənim doğma nənəmdir. Atam Gülhəsənlə Müşfiq süd qardaşıdırlar. Həm də onların eyni zamanda qohumluq əlaqələri olub. Nənəm səfiyyə xanımla Müşfiqin atası dayıoğlu-bibiqızı olublar". 

Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olan Mikayıl Müşfiq həm yaradıcılığı, həm də faciəvi taleyi ilə yaddaşlarda silinməz iz buraxıb. Onun həyat yolu Sovet repressiyalarının qurbanı kimi bir çox sənətkarın yaşadığı acı taleyi əks etdirir.

Müşfiqin digər əmisi nəvəsi Vahab İsmayılzadə qeyd edib ki, o vaxt bu işlər NKVD-nin padvallarında həll olunurdu: "Onlardan heç kimin xəbəri olmurdu. Mənim bildiyimə görə, Sovet vaxtı güllələnmə belə aparılırdı: güllələnən adamın başın kəsib qoltuğunun altına qoyurdular, şəklin çəkib arxiv materialı kimi Moskvaya göndərirdilər. İndi bilmirəm o proses olub, ya yox. 

Moskvadan komissiya gəlməli imiş. Bağırov özü düşüb həmin kameraları sahmana salmağa, tapşırıqlar verib. Müşfiqin kamerası açılanda, Mikayıl Bağırovu acılayıb. Eşitdiyimə görə, ilk gülləni Müşfiqə Bağırov özü vurub. Sonra yanındakı hər ehtimala qarşı daha bir güllə vurub. 

Jurnalist Nadejda İsmayılova var idi, Mikayıl əmi haqqında ilk məlumatı ətraflı şəkildə efirdə verdi. Bu barədə o xanımın vasitəsilə ilk dəfə eşitdik. Onda fikir verdim ki, atamın gözündən yaş axır. O kişinin ağlaması elə bil, təbiətdə vulkan püskürməsi kimi bir şey idi ki, bu kişi də ağlayarmış. Onda bildik ki, Müşfiq atamın əmisi oğlu imiş. 

Bir nəfər söhbət edirdi ki, arxivdə var, Müşfiq də kiməsə görə qol çəkib. İllərin söhbətidir, onda atam hələ sağ idi. Deməli, hadisə belə olub: Guya Müşfiqin bacısı Balacaxanımı işgəncə otağına gətiriblər. Elə ki, pislik etmək üçün yaxasını cırıblar, Müşfiq deyib: daha hər nakişiliyə əl atdınız, verin nəyə desəniz imza atım. Guya belə bir məqamda qol çəkib. 

Müşfiq əminin dosyesi Bağrovun stoluna gedəndə, görür ki, cavan oğlandı. Onda kimlərdən olduğunu maraqlanıb. Sonra gəlib məruzə ediblər ki, bunlar dağlılardır, Bütün Bakı onun əmisi oğlanları Əsədlə Vahabın başına and içir. Müşfiqə toxunsaq, şəhər qarışar bir-birinə. Onda Bağırov deyib ki, birinci onları aradan götürün. Daha sonra Əsəd əmi ilə Vahab əmi NKVD işçiləri ilə atışıblar. Şahidlər var. 

6, ya 7-ci sinif dərsliklərində Müşfiqin "yağış" şeiri var idi. Mən o şeirdən 2 almışdım. Bilsəydim Müşfiq əmimdir, daha yaxşı əzbərləyərdim". 

Xızıdan olan ağsaqqal Rafiq Məmmədov Sovet illərindən Müşfiqlə bağlı xatirələri bizimlə bölüşüb: "Mən hələ məktəbdə oxuyanda bizə dedilər ki, repressiya olub, güllələyiblər onu. Ancaq çox işgəncələr verilib, biz onları bilmirik. İndi açılır ki, Müşfiqi işgəncə ilə öldürüblər. Ona əl qaldıranların evi yıxılsın! 

İkisini də öldürdülər - Cəfəri (Cəfər Cabbarlı - red.) də, onu da. Müşfiq 35-40 yaşına qədər yaşasaydı, görün nələr yaradardı?! Müşfiq nə yaşadı ki, heç nə! Cavan öldü, ardı ilə də Cəfərin ürəyi partladı. Yazıb-yaradırdılar, ruslara "alabaş" deyirdi. Elə ruslar da öldürtdü. Bizim ən ağıllı, ziyalı insanlarımızı bizimkilərin əli ilə ruslar öldürüb. 

İndi elə oğullar yoxdur. Hansı şairmiz var, göstərin ki, çıxıb sözün düzünü deyir. Xalq şairi odur ki, xalqın yanındadır, onun sözünü deyir. Sən bizim içimizdən çıxmısansa, mənim tərəfimi tutmalısan. Hansısa məmurun tərəfini tutursansa, olursan saray şairi". 

Milli istiqlal şairi Əhməd Cavadın nəvəsi Almaz Bağırova bildirib ki, şairlərin hər ikisini bir gündə həbs ediblər: "Müşfiq Əhməd Cavadın sevimli tələbəsi olub. Ailəvi dost idilər. Dilbər xanım qohum idi bizə. Evə gedib-gəlirdilər, çox yaxın idilər, babam da ona çox hörmət edirdi. 

O dövrdə əmr gəlirdi və güllələnirdilər. Əmri icra edənlərə nə var idi ki?! 1937-ci ildə onların əmri gəldi ki, onları güllələsinlər. Ancaq çox işgəncə vermişdilər ikisinə də. 

Atam o zaman ikinci kursda oxuyurdu. Onu institutdan qovdular ki, xalq düşməninin uşağı burada oxuya bilməz. Və 6 ay müddətinə həbs etdilər, Bayıl həbsxanaslnda qaldı". 

Müşfiqlə bərabər, onun həyat yoldaşı Dilbər Axundzadəyə də olmazın işgəncələr verilir. Dilbər xanımın qızı Leyla Axundzadə anasının başına gələnləri belə xatırladır: "Müşfiq tutulandan bir müddət sonra da Dilbər xanımı həbs edirlər. Özü Bakı Sovetinin deputatı idi, həm də Tibb Universitetinin tələbəsi idi. Yəni çox aktiv və mübarizəyə hazır idi. O həbsdə olanda, Müşfiqin bacısı Balacaxanımı da ora gətirmişdilər. Anam onu orada görmüşdü. 

Daha sonra Dilbəri təkadamlıq kameraya aparıblar. Ona görə ki, artıq qadnlarla bir yerdə saxlamaq olmurdu. Deyir, onun qışqırıqlarını qonşu kameralardan eşidirdilər. Qışqırığı o qədər güclü idi ki, dediklərini digər kameradan yazıblar. Anam deyib atası gəlsin, Müşfiqi çağırın, mənə deyirlər mən dəli olmuşam, heç vaxt, ölüm olsa da Müşfiqdən ayrılmaram! 

Müşfiqin şeirlərinin hamsı yandırılmışdı. Onun yazdığı lirik şeirləri neçə illər sonra Dilbər xanım ağır xəstəliyi olsa belə yadında saxlamışdı. Bütün o şeirləri Dilbər xanım əzbər bilib və onun hafizəsində bizə çatdırılıb. Ona görə ki, o şeirlərin hərəsi bir hadisə ilə bağlı idi. Məsələn, "sənə qurban"ı götürək: Dilbəri göndərirlər Gəncəyə, o da bunu Müşfiqlə görüşdə deyir. Deyir ki, birdən Müşfiq fikrə getdi. Anam deyir, dedim: nə oldu sənə, niyə belə oldun, istəyirsənsə getməyim? Həmin anda bu şeir yazılıb: 

Deyirsən, yanında qalacağam mən,

Çox gözəl fikirdir, qal, sənə qurban!"

1930-cu illərin sonlarına doğru Sovet rejiminin sərt repressiya dalğası Müşfiqi də əhatə edir. O, "xalq düşməni" kimi ittiham olunaraq 1937-ci ildə, ad günündən bir gün əvvəl həbs edilir. 1109 nömrəli məhbusun 1938-ci il yanvarın 5-də 20 dəqiqəlik dırnaqarası məhkəməsi keçirilir. Məhkəmə isə onu edam cəzasına məhkum edir. Müşfiq bu qərardan bir gün sonra, yanvar ayının 6-da güllələnir. Şair 1956-cı ildə SSRİ Ali Hərbi Məhkəməsinin qərarı ilə bəraət alır.

Mikayıl Müşfiq repressiya dövrünün qurbanı olsa da, onun poeziyası və sənətə verdiyi töhfələr Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində əbədi olaraq yaşayacaq.

Müxbir: Ağarza Elçinoğlu 

Video: Ayxan Məlikov