"Rusiyanın Yekaterinburq şəhərində baş verən dəhşətli hadisə barədə dünən günorta saatlarında xəbər tutduq. Təsəvvürə belə sığmayan bu vəhşilik və zorakılıq aktları nəinki hüquq-mühafizə orqanlarına, hətta ən radikal terror təşkilatlarına belə yaraşmaz".
"Unikal" xəbər verir ki, bu barədə mediaya açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli bildirib.
O qeyd edib ki, gecə saatlarında qardaşlarının yaşadığı mənzilə xüsusi əməliyyat görüntüsü altında hücum olunub, qapılar zorla sındırılaraq evlərə daxil olunub:
"Ailə üzvlərinin gözü qarşısında kobud zorakılıq göstərilib, telefonlar əllərindən alınıb, saxlanılanların hara aparıldığı barədə heç bir məlumat verilməyib. Rusiya mediasının rəsmi mənbələrinə istinadən yayılan xəbərlərə görə, 50-yə yaxın azərbaycanlı küçələrdən, evlərdən və iş yerlərindən toplanaraq ağır fiziki işgəncələrə məruz qoyulub. Onlara elektrik cərəyanı verildiyi, müxtəlif yollarla dözülməz təzyiqlərə məruz qaldıqları bildirilir. Qısa müddət ərzində bu zorakılıqlardan bir neçə nəfərin həyatını itirdiyi deyilir".
Qardaşlarının ötən əsrin 90-cı illərində Azərbaycanda yaranan iqtisadi çətinliklərlə əlaqədar Rusiyaya üz tutuqlarını deyən jurnalist əlavə edib: “Vəhşicəsinə qətlə yetirilən qardaşım Ziyəddin Səfərovun 55 yaşı var idi. O, 1988-ci ildə Yekaterinburqa təhsil almaq məqsədilə getmişdi. Ardınca digər qohumlarımız da həmin şəhərə üz tutdular və zamanla orada məskunlaşdılar. Beləliklə, Yekaterinburqda xalqımızın vətənpərvər övladlarından ibarət güclü bir diaspor formalaşdı. Onlar yaşadıqları ölkənin qanunlarına ciddi şəkildə əməl edən, nümunəvi davranışları ilə seçilən vətəndaşlar idilər”.
Seyfəddin Hüseynlinin sözlərinə görə, təhsil almaq üçün Yekaterinburqa yollanan Ziyəddin Səfərovun ardınca digər qardaşları da həmin şəhərə köç ediblər. Onlardan biri ixtisasca həkim olsa da, həyat şəraitinə uyğun olaraq öz peşəsindən uzaq düşüb, digəri isə rus dili müəllimi kimi fəaliyyət göstərib. Seyfəddin deyir: “Taleyin acı ironiyasına bax ki, rus dili tədris edən qardaşım Bakir Səfərov məhz Rusiyada, özü də cinayətkarcasına qətlə yetirildi. Onlar 55 və daha yuxarı yaşda, həyat təcrübəsi olan, yetkin insanlardı. Belə yaşda insanlara qarşı bu cür vəhşilik törətmək nə hüquqa, nə insafa, nə də insanlığa sığır. Bu, təkcə bir ailəyə yox, bütövlükdə Azərbaycan diasporuna, xalqımıza və onun milli ləyaqətinə yönəlmiş təhqirdir, alçaltmaq cəhdidir”.
Hər gün qardaşları ilə əlaqə saxlayıb hal-əhval tutduğunu, güzəranları ilə maraqlandığını bildirən jurnalist qeyd edib: “Onlar da buradakı qohumlarımızın vəziyyəti, yaşayış şəraiti, dolanışıqları barədə maraqlanırdılar. Axırıncı dəfə iyunun 25-də axşam saatlarında danışdıq. Bir-birimizə xeyirli gecə arzulayıb sağollaşdıq. İyunun 27-də isə bu dəhşətli və sarsıdıcı xəbər gəldi... Mən indiyədək Yekaterinburqda olmamışam, amma bu baş verənlər, sadəcə, bizim ailənin yox, bütövlükdə xalqımızın faciəsidir. Bu, Azərbaycan xalqına qarşı yönəlmiş bir terror aktıdır. İşgəncəyə və təzyiqlərə məruz qalan soydaşlarımızın bir qismi hazırda ağır vəziyyətdə xəstəxanadadır. Açığını deyim ki, onların taleyi məni çox ciddi şəkildə narahat edir. Aldığımız məlumatlar onların sağlamlıq durumu ilə bağlı nikbinliyə heç bir əsas vermir. Bu cinayətin sifarişçiləri, səbəbkarları, günahkarları və icraçıları Rusiya hökuməti tərəfindən müəyyənləşdirilib qanun qarşısında cavab verməlidirlər. Mən Yekaterinburqda və ümumilikdə Rusiyada yaşayan soydaşlarımızın üzərində Azərbaycan dövlətinin qayğısını və himayəsini hiss edirəm. Bu ağır məqamda bir daha əmin oldum ki, dövlətimiz bizi sahibsiz buraxmır. Amma bir daha vurğulayıram: orada 100 minlərlə azərbaycanlı yaşayır və onlar hər zaman Azərbaycan hökumətinin dəstəyini hiss etməlidirlər. Onların taleyi ilə heç kim bu şəkildə oynamamalıdır. Mən bu məsələdə dövlətimizdən, ictimaiyyətdən və kütləvi informasiya vasitələrindən qətiyyətli, ardıcıl və prinsipial addımlar gözləyirəm”.