Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahibi olduqları kafeyə də basqın ediblər.
"Unikal" xəbər verir ki, bunu Apa-ya açıqlamasında Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgiz Səfərov bildirib.
O, iyunun 27-də 30 ildən çox Yekaterinburqda yaşayan Səfərovlar ailəsinə və digər azərbaycanlılara qarşı tətbiq edilən zorakılığın təfərrüatlarını danışıb:
“Bizim evə basqın edib atamı aparıblar, onda mən evdə olmamışam. Atamgili səhərüzü saat 5-də aparmışdılar. Günorta saat 2-də radələrində işçilərin vəziyyəti ilə maraqlanmaq üçün kafeyə getdim. Birdən maskalılar kafeyə də basqın etdilər, hamını üzü üstə yerə yıxdılar. Kafeninin mühafizəçisinin gözündən vurublar, indi əməliyyat olunmalıdır. İşçilərdən birinin çənəsini qırdılar. Sonra da başladılar bizi alçaltmağa, təhqir etməyə… Döyə-döyə deyirdilər ki, sizi doğrayıb öldürəcəyik".
E.Səfərov qeyd edib ki, "maskalılar"ın ilk işi kafedəki müşahidə kameralarını sındırmaq olub: " Kameranın yaddaş kartının yerini tələb etdilər. Kafenin sahibi mənim atamdır. Atamın adı Akif Səfərovdur. Atam Səfərovların böyük qardaşdır. Bu dəqiqə atam da içəridədir, bölmədədir. Aldığım məlumata görə, o biri əmilərimi atamdan daha çox döyüb, işgəncə veriblər. Atamın gözünün qabağında o biri qardaşlarını döyüblər”.
Onun sözlərinə görə, kafeyə basqın edən şəxslər heç bir sənəd təqdim etməyiblər: "Müşahidə kameralarını çıxartdırandan sonra bizi döyməyə başladılar. Biləndə ki mən kafenin sahibinin oğluyam, məndən kabab bişirməyi tələb etdilər. Kafedə qab-qacaqları qırdılar. Kabab bişirəndə gəlib arxadan “dubinka” ilə vururdular. Hardasa 2 saat yarım bizi kafedə yerdə uzanıqlı vəziyyətdə saxladılar. Özləri yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər”.
E. Səfərov əmilərindən ikisinin öldüyünü, digərlərinin isə fiziki işgəncələrə məruz qaldığı, qabırğalarının sındırıldığını söyləyib.
E. Səfərov atası və əmilərinin 2001-ci ildə başqa bir azərbaycanlının qətlində şübhəli bilindiklərinə görə saxlanıldığını qeyd edib: “Mən həmin vaxt öldürülən azərbaycanlının kim olduğunu bilmirəm. İndi onlar deyirlər ki, bu cinayəti bizimkilər boyunlarına almalıdırlar”.