Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ”Məzun 2025” adlı tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunların ailələri, eləcə də bir sıra rəsmi qonaqlar iştirak ediblər.
"Unikal" xəbər verir ki, məzun günü tədbirində ilk olaraq Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən ATMU-nun rektoru İlham Mədətov məzunları təbrik edib, onlara gələcək həyat yolunda uğurlar arzulayıb. Rektor qeyd edib ki, bu mərhələ yalnız bir təhsil pilləsinin başa çatması deyil, eyni zamanda, tələbələrin əldə etdikləri bilik və bacarıqları cəmiyyətin rifahı üçün tətbiq edəcəkləri yeni bir dövrün başlanğıcıdır. İlham Mədətov Cənab Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, lokal antiterror əməliyyatı ilə dövlət suverenliyimizin tam bərpa edilməsindən qürurla danışıb. Eyni zamanda, ölkədə ali təhsil sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən və ATMU-nun son illərdə əldə etdiyi nailiyyətlərdən bəhs edib.
ATMU-da bu il bakalavr pilləsində 12 ixtisas üzrə 330 nəfər, magistratura pilləsində isə 275 nəfər tələbə məzun olub. İlham Mədətov qeyd edib ki, əldə olunan nailiyyətlər ölkə rəhbərliyinin diqqət və qayğısı, dövlət və özəl sektorun universitetə göstərdiyi dəstək sayəsində mümkün olub. O, ATMU-nu daim dəstəkləyən tərəfdaşlara təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova məzunları təbrik edərək, əmək bazarında peşəkar kadrlara hər zaman böyük ehtiyac olduğunu vurğulayıb və ATMU məzunlarını turizm sahəsinin dəyərli mütəxəssisləri kimi görmək istədiyini qeyd edib.
Millət vəkili, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov çıxışı zamanı məzunlara təbriklərini çatdırıb, onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb.
Bakı Turizm Peşə məktəbinin direktoru Neylufər Kərimova və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin AATP üzrə koordinatoru cənab Jens Peter də məzunlara təbriklərini çatdıraraq, onların ölkəmizin turizm sektorunun sürətli inkişafına töhfə verəcəklərinə əmin olduqlarını ifadə ediblər.
Tədbirin rəsmi hissəsi universitetin 2024/2025-ci tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin məzunlarına diplomlar və ictimai və akademik həyatında fəallığı ilə seçilən tələbələrə fəxri fərmanlar təqdim olunması və məzunların ənənəvi “papaq atma” mərasimi ilə başa çatıb. Daha sonra isə tədbir konsert proqramı ilə davam edib, xatirə şəkilləri çəkilib.