Torpaqların aqrokimyəvi analizlərinin aparılmasına dair reqlamentə əsasən artıq bir torpaq sənədi üzrə 3 ha və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizinə cəlb olunurlar.
Kənd Təsərrüfatı Nazirliyindən "Unikal"a verilən məlumata görə, bir torpaq sənədi üzrə 3 ha-dan az ərazi üzrə bəyan vermiş fermerlərin torpaq analizi könüllü müraciəti əsasında aparılır.
Daha ətraflı: https://www.dxr.az/xidmet/24000
Aqrokimyəvi analizlərin aparılması fermer üçün çoxsaylı üstünlüklər təmin edir. Belə ki, torpaqda hansı qida elementinin (azot, fosfor və kalium) çatışmadığını və hansının isə normadan artıq olduğunu müəyyən etməyə kömək edərək lazımsız gübrə tətbiqinin qarşısını alaraq fermerin gübrə xərclərinə qənaət edir. Ehtiyaclarına uyğun gübrə normaları seçilərsə, məhsuldarlıq əhəmiyyətli dərəcədə artır. Analiz nəticəsində torpağın pH səviyyəsi və duzluluq kimi göstəricilər təyin olunur ki, bu da torpaqların münbitliyinin artıb azalmasına nəzarət etməyə imkan verir.
Daha ətraflı: http://www.axa.gov.az/uploads/files/services/3-5-1750684921.pdf
Torpağın aqrokimyəvi analizi üçün nümunələrin götürülməsi qaydaları aşağıdakı kimidir:
-
Bir torpaq sənədi üzrə 3 ha və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizi verməlidir;
-
Toxum subsidiyası almaq üçün müraciət edən fermerlər bəyan etdikləri ümumi toxumluq əkin sahəsi üzrə hər 2 hektar ərazidən 1 nümunə götürərək analiz verməlidir;
-
Bəyan edilmiş ümumi əkin sahəsi üzrə hər 5 hektar ərazidən 1 nümunə (çoxillik əkmələrdə 0-30 sm və 30-60 sm dərinliklərdə olmaqla 2 nümunə) götürülməlidir;
-
Çoxillik bitkilərdən yonca, zəfəran, yer fıstığı, razyana, çiyələk, lavanda, xaşa və biyan üzrə torpaq nümunəsi birillik bitkilərdə olduğu kimi 0-30 sm dərinlikdə götürülməlidir;
-
Nümunələr məhsul yığımından sonra, növbəti əkinə qədər olan dövrdə götürülməlidir;
-
Bir torpaq sənədi üzrə bəyan edilmiş torpaq sahəsi 1000 ha və yuxarı olduqda hər 10 hektar ərazidən 1 nümunə (çoxillik əkmələrdə 2 nümunə) götürülməlidir;
-
Torpaq sahəsinin sahibi dəyişdikdə, yeni istifadəçi növbəti bəyan mövsümündə yenidən analiz üçün müraciət etməlidir;
-
Bitkiçilik sahəsi üzrə subsidiya almaq üçün müraciət edən fermerin bəyan etdiyi torpaq sahəsi üzrə təqdim etdiyi aqrokimyəvi analizin nəticələri analizin aparıldığı əkin ilindən etibarən 2 əkin ili (sentyabr - avqust) qüvvədə qalır.
Aqrokimyəvi analiz aparan laboratoriyaların siyahısı ilə tanış olmaq üçün keçid linki: Aqrokimyəvi analiz edən laboratoriyaların siyahısı | AKİA