Göygöl rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib. 

"Unikal" xəbər verir ki,  Göygöl Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Göygöl rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, Qərbi Azərbaycan İcmasının Göygöl rayon nümayəndəsi Hamlet Ömərov, icma üzvləri və ziyalılar iştirak ediblər. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib. Dəyirmi masada Ümumilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirsəi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Qərbi Azərbaycan İrsi” kitabı əsasında hazırlanmış videoçarx tədim olunub.

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev vurğulayıb ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı ermənilər tərəfindən yalnız etnik təmizləmə siyasəti həyata keçirilməyib, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irs nümunənərinin, qəbiriştanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədilib. Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Qərbi Azərbaycana qayıdış çərçivəsində görülən işlər, atılan addımlar bunu deməyə əsas verir ki, soydaşlarımız tezliklə öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Tədbirdə çıxış edən AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov “Qərbi Azərbaycan İrsi” kitabının 3 dildə - azərbaycan, rus və ingilis dillərində nəşr olunduğunu, tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edildiyini qeyd etdi. O, həmçinin vurğuladı ki, kitab Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün qiymətli mənbə hesab edilə bilər.

Qərbi Azərbaycan İcmasının Göygöl rayon nümayəndəsi Hamlet Ömərov və digər çıxışçılar yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışının milli qürur və ləyaqətimizin müdafiəsi olduğunu, Prezident cənab İlham Əliyevin əzmi və qətiyyəti ilə təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirdilər.