ABŞ Prezidenti Donald Tramp administrasiyasının Zəngəzur dəhlizi layihəsinin yüksək səviyyədə müzakirələri fonunda Türkiyə hökumətinin bu marşruta qoşulmaq üçün beynəlxalq maliyyə qurumlarından milyardlarla dollarlıq kredit aldığı məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. 

Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi, eləcə də Yaponiyanın MUFG Bankının rəhbərlik etdiyi kreditorlar qrupu arasında imzalanmış sazişə əsasən, Ankaraya Naxçıvana dəmir yolu xəttinin çəkilməsi üçün 2,4 milyard avro (təxminən 85 milyard türk lirəsi) ayrılıb. 

Kredit İsveç İxrac Kredit Agentliyi, Avstriyanın OeKB bankı və İslam İnkişaf Bankı yanında İslam İnvestisiya və İxrac Kredit Sığortası Korporasiyasının zəmanətləri ilə təmin olunacaq. 

Kredit danışıqları Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşəkin Londonda İslam İnkişaf Bankının təşkil etdiyi kreditorlar sammitində iştirakı zamanı baş tutub. Əldə edilən razılaşmaya əsasən, beynəlxalq kreditorlar Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsinin tikintisini maliyyələşdirəcək. 

Layihənin icrasına Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi rəhbərlik edəcək.

Ağarza Elçinoğlu