Dünya xəritəsində Azərbaycan
Şərqi Asiya bataqlığından Şərqi Avropa bataqlığına keçid
"Şərqi Avropa və Qafqaz dünyanın yeni xəritəsində mühüm rol oynayacaq. Bu regionlarda söz sahibinə çevrilənlər yeni xəritənin əsas simaları olacaq".Bu sözləri hələ on il öncə ABŞ prezidentinin keçmiş müşaviri Bzejinski bəyan etmişdi. Bu gün isə həmin proses başlayıb və dünyanın yeni xəritəsinin formalaşdırılması üçün Yaxın Şərq və Şərqi Avropada ciddi proseslər gedir. Təhlükəlisi isə budur ki, yeni dünya xəritəsində deyəsən ekvator xəttini doğru cıza bilmirlər.
Şərqi Asiya bataqlığı
Dünyanın yenidən bölüşdürülməsi üçün ilk zərbələr Şərqi Asiyaya vuruldu. "Bahar inqilabı" adlanan prosesləri ABŞ Şərqi Asiyada başladı, Avropa bu prosesə əl qoydu və nəticədə inkişafda olan Şərqi Asiya sözün həqiqi mənasında bir cəhənnəmə çevrildi. Misir, Tunis kimi dövlətlər hələ də özünə gələ bilmir, Suriya hara gedəcəyini müəyyənləşdirə bilmir, İraq, Əfqanıstan kimi dövlətlər isə artıq tayfalar şəkilində idarə olunur. Ən təhlükəlisi isə budur ki, regionda qan nə qədər tökülürsə radikallıq o qədər artır və hazırda sivilizasiyaların toqquşması səviyyəsində qarşıdurma prosesi davam edir. Bölgədə ciddi söz sahibi olan İsrail isə get-gedə bölgədə təklənir və təkləndikcə müharibəyə daha çox həvəs göstərir ki, bu da özünü İran proseslərində açıq şəkildə nümayiş etdirir. Avropa Yaxın Şərqin bataqlığa çevrilməsini görəndən sonra ən azından İranla münasibətləri dərinləşdirməklə yeni bazar axtarışına çıxır. ABŞ özlüyündə İran variantını dəstəkləyir. Və belə olan halda İsrail hər iki tərəfdən İrana qarşı sərt addımlar atmağı tələb edir. ABŞ və Avropa isə açıq şəkildə İranla üz-üzə gəlməkdən imtina edir və bəzi Avropa ölkələri hətta İsrailə yerini göstərmək üçün Fələstinin müstəqilliyini tanıyırlar. Deməli yeni münaqişələrin başlanması an söhbətidir. Regionda əsas gücə sahib olan Səüdiyyə Ərəbistanı da artıq yeni siyasi xətt yürütməyə meylli görünür. Kralın ölümündən sonra hakimiyyətə gələn yeni kral hələ ki, dağınıq siyasət həyata keçirir ki, bunun özü də təhlükəli haldır. Beləliklə aydın olur ki, Yaxın Şərqdə baş verən xaotik olaylar bu bölgədə durumu daha da gərgin hala salacaq və Avropa Yaxın Şərqə nə qədər yaxın olsa da bir o qədər kənarda qalmış olacaq.
Şərqi Avropa tirəliyi
Şərqi Avropada da durum lazımi həddə deyil. Bir tərəfdən Avropa Şərqi Avropa ölkələrinə nə qədər əl uzadırsa, bir o qədər də bu bölgəni Rusiya ilə üz-üzə qoymaqla öz strateji maraqlarını həyata keçirtməyə çalışırlar . Nəticədə Pribaltika ölkələri, Moldova, Çexiya kimi ölkələr hər an Rusiya tərəfindən işğal ediləcəkləri günü gözləyir, digər tərəfdən isə Avropanın sərt tələblərini həzm etməyə məcbur qalıblar. Belə çıxılmaz duruma düşən hazırkı ölkə isə Ukraynadır. Üç yerə parçalanan və dövlətçilik ənənəsini itirmək zorunda olan Ukrayna ilə bağlı ümidverici nə isə demək hələ ki, mümkün deyil. Məhz Ukraynada baş verən proseslər sübut etdi ki, istənilən an Şərqi Avropa Şərqi Asiyanın taleyini yaşaya bilər. Digər tərəfdən baş verən proseslər onunla nəticələndi ki, dünya Rusiya faktoru ilə hələ də hesablaşmalı olduğunu dərk etdi və bu regionda yeni durum formalaşdırdı.
Azərbaycan Şərqi
Avropanın qalası olacaq
Rusiya-Avropa qarşıdurması bir faktı ortaya çıxartdı ki, Azərbaycanın tutacağı mövqe regionda çox proseslərə təsir edəcək. Söhbət Qərbin enerji təhlükəsizliyindən gedir. Qısaca olaraq yada salaq ki, Qərb-Rusiya qarşıdurmasından sonra Avropa Rusiyanın cənub axını layihəsindən imtina etdi. Buna cavab olaraq Türkiyə-Rusiya ittifaqı ortaya çıxdı və türk axınına start verildi. Belə olan halda Qərbin enerji təhlükəsizliyi tam olaraq Azərbaycandan asılı duruma düşdü. Azərbaycan tərəfi isə tutduğu mövqedən geri çəkilməyəcəyini bəyan etdi. Nəticədə TANAP və TAP layihələrinin reallaşması ilə yanaşı NABUCCO layihəsinin də aktivləşməsi mesajı İlham Əliyev tərəfindən səsləndirildi. Bu isə Qərbə həm də yeni mesaj idi. Mesaj bəs nədən ibarətdir?.Mesaj sözsüz ki, Dağlıq Qarabağla bağlıdır və mənası bundan ibarətdir ki, Azərbaycan nə qədər stabil ölkəyə çevrilərsə, Dağlıq Qarabağ problemi həll olunarsa,Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha vacib rol oynaya bilər. Deyəsən bu reallığı artıq Qərb də anlamağa başlayır. Elə avropalı diplomatın verdiyi açıqlama da bunun təsdiqidir. Avropanın təhlükəsizliyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Bunu Polşanın Azərbaycandakı səfiri Marek Tsalka deyib.
Onun sözlərinə görə, Polşa Dağlıq Qarabağ münaqişəsinin mövcudluğundan narahatdır: "Rusiya-Ukrayna, eləcə də Şərq-Qərb münasibətlərindəki hadisələri nəzərə alaraq başa düşürük ki, bununla əlaqədar Dağlıq Qarabağ münaqişəsi presedentdir".
M.Tsalka qeyd edib ki, məhz Dağlıq Qarabağda əsrin son rübündə bir ölkənin beynəlxalq səviyyədə qəbul olunmuş sərhədləri pozulub: "Məhz orada bu günə qədər nizamlanmayan münaqişə alovlanıb, əslində Avropaya aid ərazidə artıq 25 ildir davam edən işğal baş verib. Bu məsələ, təbii ki, Avropa siyasətinin ən yaralı yerlərindən biridir. Ən azından, Polşa tərəfinin rəsmi mövqeyi belədir".
Səfirin sözlərinə görə, tarixən Avropada öz aralarında vuruşan xalqların köçü, ölkə sərhədlərinin dəyişməsi baş verib: "Lakin sonralar Avropa ölkələri arasında dəyişməz sərhədlər qurulub. Balkan yarımadasında, postsovet məkanında münaqişələr və indiyə qədər həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi sonralar başlayıb. Əgər mənfi presedent yaranırsa, bütün tərəfləri qane edən qərar qəbul edilmirsə,deməli, savaşmaq və sərhədləri dəyişmək olar. Bütün bunlar XVIII və XIX əsrləri, ötən əsrin 30-40-cı illərin totalitar rejiminin təcrübəsini xatırladır".
Diplomat əlavə edib ki, Azərbaycan regionun qabaqcıl ölkəsidir: "Biz Azərbaycanla strateji əlaqələr qurmalıyıq.Polşa həmişə Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunmasına yardım edəcək. Polşa Avropa İttifaqı və ATƏT-in üzvü kimi imkanları daxilində siyasi və diplomatik metodlardan istifadə etməklə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə yardım edəcək".
Onun sözlərinə əsasən, Polşa ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və arzu edir ki, bu fəaliyyət daha səmərəli olsun.
M.Tsalka bildirib ki, Avropaya enerji resurslarının tədarükçüsü kimi Azərbaycan Avropa İttifaqı tərəfindən strateji tərəfdaş qismində nəzərdən keçirilməlidir: "Əslində tərəflər artıq əməkdaşlıq edirlər, lakin əməkdaşlığın bu səviyyəsi artırılmalıdır".
Azərbaycanın Aİ ilə tərəfdaşlığı getdikcə dərinləşdiyinə görə səfir ümid edir ki, bu, Azərbaycan və Avropa İttifaqı arasında bağlanmış müqavilələrə təsir edəcək: "Bu da öz növbəsində, Aİ üçün təhlükəsizlik məsələsidir. Polşa isə bunu dəstəkləməyə hazırdır".
Diplomatın sözlərinə görə, Azərbaycan Xəzər regionunun əsas ölkəsidir, enerji resursları ilə zəngindir və olduqca maraqlı geosiyasi mövqeyə malikdir.
Avropanın qəbul etməli olduğu həqiqət
Bu arada aydın oldu ki, istər Avropa, istərsə də ABŞ keçmiş possovet ölkələrinə yanaşmada ciddi qüsurlara yol verirlər. Bu nədən ibarətdir? Aydın olur ki, Rusiya possovet ölkələrini nəzarətində saxlamaq üçün əksər ölkələrdə müəyən münaqişə ocaqları yaradıb və lazım olan anda bu ocaqları aktivləşdirməklə həmin ölkələri fakt qarşısında qoyur.Bu proses Gürcüstanda da,Azərbaycanda da , Moldovada da təkrarlandı. Amma bundan dərs almayan Avropa Ukraynada da istədiyini etdirməyə çalışdı və nəticədə Ukrayna münaqişələr içində boğuldu. Belə olan halda Avropa anlamalıdır ki, öz enerji təhlükəsizliyini əldə etmək istəyirsə, ilk növbədə Azərbaycanın milli təhlükəsizliyinin möhkəmlənməsinə çalışmalı, Dağlıq Qarabağ probleminin həllinə nail olmalıdır. Çünki sabah strateji bir məqam yaranarsa Rusiya Dağlıq Qarabağ münaqişəsini qızışdırmaqla Azərbaycanı çıxılmaz duruma sala bilər, nəticədə Azərbaycan milli maraqlarını və işğal edilmiş torpaqlarını azad etmək üçün Qərbin enerji təhlükəsizliyi haqqında yox, dövlətin təhlükəsizliyi haqqında düşünməli olacaq. Bu isə Avropa tərəfindən qəbul olunmalı və təxirəsalınmaz addımlar atılmalıdır. Çünki Azərbaycan artıq neçə illərdir ki, Qərbə ciddi jestlər edib və belə jestlərdən birini Gürcüstan müharibəsində gördük. ABŞ və Avropanın gərəksiz vədlərinə inanan Gürcüstan Rusiyaya qarşı açıq konfliktə getdi. Rusiya beş gün ərzində Gürcüstanın bir hissəsini işğal etdi və bu ölkəni enerji embarqosuna salaraq faktiki ölümə məhkum etdi. Yalnız Azərbaycanın riskli addımları nəticəsində Gürcüstan enerji blokadasından çıxa bildi və dövlətçiliyini qorudu. Qərb anlamalıdır ki, hazırda Azərbaycan eyni riski edərək Qərbi enerji blokadasından çıxardır və bu prosesi daha qlobal həddə çatdırır. Söhbət Azərbaycan vasitəsiylə İran, Türkmənistan qazının dünyaya çatdırılmasından gedir. Beləliklə aydın olur ki, bu gün Azərbaycan tək mənsub olduğu regionda yox, həmçinin Şərqi Avropa regionunda da əsas fiqura çevrilib və bu proses Azərbaycandan çox, elə Avropanın özünə sərf edir. Avropa və ABŞ isə düşünməlidir ki, Şərqi Avropanı Şərqi Asiyanın halına salmaq istəyir, ya yeni dünya xəritəsində ədalətli bölgünün aparılmasına çalışır?. Hər halda bu suala doğru cavab tapmaq ən çox elə Avropanın öz maraqlarına cavab verəcək. Sonda isə filosof Russonun bir fikrini yada salmaq istəyirəm:"Biz qərblilər bəzən o qədər təkəbbürlü oluruq ki, öz xilasımızı belə kimlərəsə minnət qoymaqla həll etmək istəyirik". Amma unutmayaq ki, bu günkü dünya artıq, o zamankı dünya deyil. Qərb öz xilasını artıq minnətlə yox, yalvarışla həll etməli olacaq.
Digər Xəbərlər
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54