Danışıqlar və reallıqlar
07:32 14-05-2015
CƏMİYYƏT
Danışıqlar və reallıqlar
Həmsədrlərin son şansı
Dağlıq Qarabağ problemi yenidən yüksək səviyyədə danışıqlar predmetinə çevrilir. Əslində bu gözlənilən idi və hesab etmək olar ki, nəticəsindən asılı olmayaraq görüşlər intensivləşəcək.Xatırlayırsınızsa bir ay öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verərkən belə bir ifadə işlətmişdi ki, ermənilər aprel ayında danışıqların dayandırılmasını istəmişdilər.
Çox böyük ehtimal ki, bunu erməni "soyqırım"ının yüz illiyinə görə etmişdilər və burada başqa məqsədlər nəzərdə tutulmuşdu. İlk növbədə hesab edilirdi ki, əksər güclər erməni "soyqırım"ını tanıyacaq və bu Ermənistana əlavə üstünlüklər verəcək.Ən azından ermənilər əzabkeş obrazı yarada biləcək və beynəlxalq təşkilatlara təzyiqləri artıra biləcəklər.Elə buna görə erməni lobbisinin təsiri ilə Avropa Parlamenti, Vatikan erməni "soyqırım"ını tanıdı. Amma gözləntilər sonda özünü doğrultmadı.Ermənistana yalnız bir neçə dövlət başçısı getdi, AŞPA,ATƏT kimi beynəlxalq təşkilatlar qətiyyətlə erməni iddialarını rədd etdilər, ABŞ prezidenti Barak Obama isə ermənilərin ümidlərini doğrultmadı və erməni "soyqırım"ını tanımadı. Bununla da Dağlıq Qarabağla bağlı danışıqlarda Ermənistan əlavə üstünlüklərə nail ola bilmədi. Amma bunun qarşılığında Azərbaycan tərəfi Dağlıq Qarabağ problemini daha da aktuallaşdıra bildi və beynəlxalq təşkilatlar qarşısında konkret tələblər səsləndirildi.Məsələn, Azərbaycan tərəfi açıq şəkildə bəyan etdi ki, beynəlxalq güclər Ukrayna məsələsində Rusiyaya etdikləri təzyiqləri Ermənistana da etməlidirlər. Və yaxud PA rəsmisi Novruz Məmmədov bəyan etdi ki, Avropa İttifaqı ilə Assosativ üzvlük sənədinə imza atılmayacaq.Çünki hazırlanan sənəddə Gürcüstanın, Ukraynanın, Moldovanın ərazi bütövlüyü konkret şəkildə öz əksini tapsa da Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapmayıb.Bütün bunlar isə sübut edir ki, Azərbaycan bu dəfə beynəlxalq təşkilatlarla daha sərt tonda danışmağa hazırlaşır. Bunu da unutmayaq ki, son zamanlar ABŞ-Azərbaycan, Avropa-Azərbaycan münasibətlərində bir gərginlik müşahidə olunur və ölkəmiz daha prinsipial mövqe nümayiş etdirir.Başqa bir prinsipial məqama da diqqət ayırmaq yerinə düşər. Belə ki, Azərbaycan beynəlxalq təşkilatların ikili mövqe sərgiləməsini görəndən sonra açıq şəkildə bəyan etdi ki, itirilmiş torpaqların hərb yolu ilə geri qaytarılması öz aktuallığını artırır.Nəticədə Müdafiə Nazirliyində həyata keçirilən kadr dəyişiklikləri, ordu quruculuğuna diqqətin artırılması,hərbi təlimlərin sayının artırılması,bu təlimlərin Türkiyə ilə birgə həyata keçirilməsi yeni mühit yaratdı.Həmçinin dünənə qədər erməni təxribatlarının qarşısını maksimum dərəcədə ehtiyatla almağa çalışan Azərbaycan ordusu bu prinsipi də dəyişdi və ermənilərə ardıcıl olaraq öldürücü zərbələr vuruldu.Hətta ermənilərə məxsus hərbi helikopter vuruldu və bu erməniləri psixoloji təsirə saldı. Ermənistan bundan sonra anladı ki, Azərbaycan istənilən an hərbi yolla ərazilərini geri qaytara bilər və erməni hərbi birləşmələri Azərbaycan ordusu qarşısında duruş gətirə bilməz. Elə buna görə Ermənistanda təlaş artmağa başladı və cəmiyyətdə Ermənistan rəhbərliyinə,ordusuna inam itdi.Digər maraqlı proses isə budur ki, dünənə qədər erməni təxribatlarının qarşısı alınan kimi beynəlxalq təşkilatlar az qala Azərbaycanı suçlu çıxarırdılar və bəyanatların ardı-arası kəsilmirdi. Amma son dövrlər Azərbaycan ordusunun qətiyyətli addımlarına beynəlxalq təşkilatlar ciddi reaksiyalar verə bilmədilər.Çünki istər Azərbaycan prezidenti, istər müdafiə naziri Zakir Həsənov açıq şəkildə bildirdilər ki, istənilən addımın qarşısı alınacaq.Başqa ciddi proses isə Ermənistanın xarici siyasəti ilə bağlı oldu. Belə ki, Avropa və ABŞ-la sıx əməkdaşlıq edəcəyini bəyan edən Ermənistan bir anın içində Avrasiya İttifaqına qoşulmaqla Rusiyanın yanında dayandı.Bu isə Avropa və ABŞ üçün sərt sillə oldu. Ekspertlər hesab edir ki, Ermənistanın əvəzinə Azərbaycan belə addım atardısa yəqin beynəlxalq təşkilatlar Azərbaycana qarşı hansısa sanksiyaların tətbiqini müzakirə edərdilər.Amma Ermənistana görə bu addımı atmadılar.Buna baxmayaraq beynəlxalq güclər bir daha əmin oldular ki, Ermənistan Rusiyanın razılığı olmadan müstəqil şəkildə heç bir addım atmaq iqtidarında deyil.İndi isə qayıdaq hazırkı duruma. Artıq məlum olur ki,danışıqların növbəti mərhələsinə start verilib. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın vaxtlarda regiona səfər etməyi planlaşdırırlar.Bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib.
Vasitəçi ötən həftə Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə münaqişənin həlli yollarını müzakirə etdiklərini deyib.
"Biz hər zaman prezident Əliyev və prezident Sarkisyanla danışıqlar imkanından istifadə edirik" deyən diplomat Ermənistan və Azərbaycan liderlərinin danışıqları intensivləşdirmək istədiklərini vurğulayıb.
"Prezidentlərin görüşünün vaxtı hələlik müəyyənləşməyib, ancaq hər iki prezident danışıqların intensivləşməsini istədiyini ifadə edib. Vasitəçilərin rolu normal danışıqlar prosesini təşkil etməkdir, biz prezidentlərin görüşünü təşkil etmək üçün yaxın vaxtlarda regiona səfər edəcəyik", - deyə Uorlik bildirib.O, münaqişə tərəflərinin problemin dinc yolla nizamlanmasını arzu etdiklərini deyib."Hesab edirəm ki, həm prezident Əliyev,həm prezident Sarkisyan münaqişənin həlli yollarını tapmaq istəyirlər.Bu münaqişə artıq uzun illərdir, davam edir və kifayət qədər insan həyatının yarımçıq qalmasına səbəb olub. Biz istəyirik ki, bunun sonu gəlsin", - deyə həmsədr vurğulayıb. Bunu da qeyd edək ki, həmsədrlərin belə aktivləşməsi müharibə təhlükəsi ilə çox bağlıdır. Çünki erməni "soyqırım"ı oyunundan sonra Ermənistan tərəfi radikallığını daha çox artırmaqla danışıqlar prosesinin pozulmasını istəyir.Çünki yenidən yüksək səviyyədə danışıqlar olarsa bu dəfə Ermənistanın əlində heç bir bəhanə olmayacaq və Azərbaycan tərəfi qəti mövqe tələb edəcək.Bütün bunlar isə belə rəy yaradır ki,Azərbaycanda Yay Avropa Oyunları sona çatandan sonra Dağlıq Qarabağda hərbi əməliyyatlar başlaya bilər.Lokal xarakterli bu əməliyyatlar isə ümumilikdə regiondakı proseslərə təsirsiz ötüşməyəcək. Buna görə həmsədrlər danışıqlar prosesini intensivləşdirməklə ən azından atəşkəsin qorunmasına çalışacaqlar. Amma bir reallıq da var ki, zaman keçdikcə artıq beynəlxaq ictimaiət daha aydın şəkildə görürkü Dağlıq Qarabağ heç bir vaxt Ermənistanın bir parçası ola bilməyəcək.Deməli zamanın uzanması nə zamansa bu münaqişənin daha da böyüməsinə təsir edəcək.Elə rusiyalı politoloq da bu fikirdədir."Azərbaycanla Ermənistan arasında münaqişənin 20 ildən çox davam etməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin olmadığını göstərir.Atəşkəsin elan olunmasından 21 il vaxt keçib. Bu müddət ərzində atəşkəs hallarının pozulması saysız hesabsızdır. Nəticədə tərəflərdən çoxlu sayda hərbçi və mülki insan itkiləri olub. Dağlıq Qarabağ heç bir zaman Ermənistanın tərkib hissəsi olmayacaq". Bunu Rusiyanın tanınmış politoloqu, Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko bildirib.
Rusiyalı siyasi ekspertin fikrincə, bütün dünya Azərbaycanın güclü orduya sahib olduğunu bilir: "Amma müharibə meydanında qələbə çalmağa heç kimə icazə verməyəcəklər.Çünki bu, heç kimə lazım deyil.Nəzərə alsaq ki, bu gün dünyada ərazi bütövlüyü və suverenitet kimi problemlər mövcuddur.Bu,Ukraynada, Cənubi Qafqazda və Yaxın Şərqdə böyük problem olaraq qalır.Hamısında ərazi bütövlüyü və suverenitet problemi əsasdır".
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini şərh edən Aleksey Malaşenko bildirib ki, onların prinsipi Dağlıq Qarabağda yeni müharibənin baş verməməsi üçün danışıqların davam etdirilməsinə səy göstərməkdi: "Nə qədər çox danışıqlar, bir o qədər az müharibə təhlükəsi..." Bu, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əsas "devizi"dir".İndi isə gəlin məsələnin başqa tərəfinə baxaq. Söhbət danışıqları aparan ATƏT-in Minks qrupunun həmsədrlərindən gedir. Erməni "soyqırım"ının yüz illiyi zamanı məlum oldu ki, Fransa və Rusiya prezidentləri Yerevana gəlib və bu iki dövlət həmsədr ölkələrdir. Bu isə açıq şəkildə nümayiş etdirir ki, artıq Azərbaycan Rusiya və Fransanın səmimiliyinə heç bir halda inanmamalıdır. Belə olan halda hansı danışıqlardan danışmaq olar? Ekspertlər hesab edir ki, yaranmış situasiyada iki yol qalır. Birinci yol, Fransa və Rusiya danışıqlar prosesində səmimi olduqlarını nümayiş etdirməli və Ermənistana təzyiqləri artırmalıdırlar.İkinci yol isə ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsidir.Bunu da qeyd edək ki, artıq Azərbaycan tərəfi bununla bağlı dəfələrlə bəyanatlar səsləndirib və qeyd olunub ki, həmsədr ölkələrin sırasına Türkiyə və Almaniya da daxil edilməlidir.Beləliklə çıxarılan nəticə budur ki, başlanılacaq danışıqlar sadəcə kəşfiyyat xarakterli olacaq və bu danışıqların nəticəsi olaraq hətta yay aylarının sonunda hərbi əməliyyatlar başlaya da bilər. Hər şey həmsədrlərin tutacağı mövqedən və təkliflərindən asılı olacaq.Başqa cür desək bu həmsədrlərin son şansı da ola bilər.
Digər Xəbərlər
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21