Dünən günorta saatlarından başlayan yağış son 36 ilin ən güclü leysanı olub.
Unikal.org bildirir ki, bu barədə qafqazinfo-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
G. Məmmədova qeyd edib ki, 1980-ci ildə sentyabrın 21-də Bakıya 46 mm yağıntı düşüb: "Ötən gecə isə Bakıya düşən yağıntının miqdarı 47 mm olub. 2013-cü ildə sentyabrın 23-dən 24-nə keçən gecə isə 33 mm yağıntı düşüb.
Ötən gün Maştağada 54 mm aylıq normanın (240 %), Bakıda 47 mm (273%), Binədə 37 mm (215 %), Sumqayıtda 33 mm (192%) , Zabratda 29 mm (169 %), Neft Daşlarında 27 mm (153 %,) Bayıl yamacında 23 mm, Çilov adasında 20 mm (208%), Ələtdə 18 mm ( 105 %) yağıntı düşüb. Bakı ADA avtomat stansiyasına isə 65 mm yağıntı düşüb ki, bu da aylıq normanın 371 faizidir. Həmin avtomat stansiya Nərimanov rayonu ərazisinə düşür".
G. Məmmədova əlavə edib ki, bu gün yağıntılarda qısa fasilə yaranıb: "Lakin 29-dan 30-na keçən gecə Bakıda və Abşeron yarımadasında şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə isə intensiv olacağı gözlənilir".