AFFA-da baş verən son proseslərlə bağlı mətbuatda yazılanlar artıq müəyyən dairələrdə təsdiqlənməkdədir.
Belə ki, qurumun baş katibi Elxan Məmmədovla bağlı şok faktlar üzə çıxmaqdadır.Unikal.org-un məlumatına görə, hətta iş o yerə çatıb ki, Elxan Məmmədov Rövnəq Abdullayevə qarşı ittifaq yaradaraq, öz yeyinti niyyətlərini həyata keçirmək üçün münbit şərait yaratmağa çalışır. Məlumat üçün bildirək ki, ölkə.az saytı da Elxan Məmmədovla bağlı şok detallar açıqlayıb. İrəli sürülən iddialara görə, 2005-2015-ci illləri əhatə edən dövlət proqramının icrasına 5 milyard manat pul ayrılmışdı ki, həmin vəsaitin acı aqibəti ən sadəlövh və ən optimist futbol azarkeşinə də bəllidir. Məsələn, on illik dövlət proqramı necə icra olundusa, dağılmış klublarımızın sayı yaradılmış klubların sayını ötüb keçdi. Ən pisi odur ki, ölkəmizi Çempionlar Liqasında, Avroliqada təmsil etmiş "Şəmkir", "Viləş", "Xəzri", "Simurq", həmçinin, birinci dəstənin qalibi olmuş "Araz Naxçıvan" tarixə qovuşdular. İnkişaf adına layiq olanlar isə daha diqqətçəkəndir. Ölkənin köklü klublarından olan "Kəpəz" iki ildən bir yaranır və dağılır, "Turan" illərdir birinci liqada sürünür, yaxud süründürülür. Əvəzində birinci dəstədə AFFA-dan, dolayısıyla SOCAR-dan maliyyələşən səkkiz klub var ki, onların da mövcudiyyəti hər an sual altındadır. Sadəcə, bu klublar "birinci liqamız da var" demək üçün saxlanılır.
Verilən məlumata görə, Elxan Məmmədov AFFA-da həmişə verdiyi əndrəbadi ideyalar hesabına pul qazanıb. Məsələn, hər il 100 min manat büdcəsi olan Top festivalı, Berlində açılan, illik büdcəsi 500 min avro olan futbol məktəbi, "Caspian Cup", xaricdə təşkil olunan lazımsız təlim-məşq toplanışları Məmmədovun əndrəbadi ideyaları silsiləsindəndir. Dediklərimizə dair çox primitiv bir fakt göstərək. Məsələn, İspaniyada milli komanda və bir Azərbaycan klubu (adını özümüz yazmırıq-red.) eyni ildə, eyni oteldə, eyni müddətdə qalıb və təlim-məşq toplantısı keçirib. Bunun üçün klub 68 min avro, milli komanda isə 127 min avro ödəyib. Ölkənin müxtəlif regionlarında mini stadionların tikilməsini də AFFA həyata keçirib. Burada da kifayət qədər maliyyə şişirtmələrinin olduğu heç kimə sirr deyil.
Maraqlı məqamlardan biri də odur ki, Elxan Məmmədovun adı bu qədər maxinasiya və qalmaqallarda hallansa da, ona qarşı hər hansı tədbir görülmür. Çünki Elxan Məmmədovun yaxşı "krışası" var. Unikal.org-un məlumatına görə, Elxan Məmmədov 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olan Yaqub Eyyubovun oğlunun bacanağıdır. Baş kat belə bu qohumluğa arxalanaraq, istədiyini edə bilir. Görünür, yuxarı dairələrdəki qohumları E.Məmmədovun yol verdiyi yeyintilərin ört-bastıd edilməsi üçün yardımçı olurlar.
Elvin Rüstəmov