Türkiyə Güləş Federasiyası "Recep İvedik 5" filminin reklam çarxındakı bəzi epizodlara görə bəyanat yayıb.
Unikal.org sportnet-ə istinadən xəbər verir ki, qurum güləşi gülüş obyektinə çevirdikləri üçün filmi ərsəyə gətirənləri şiddətlə qınadığını bildirib.
Bəyanatda filmdə güləşin əxlaqdan uzaq idman növü kimi nümayiş etdirildiyi, şərəf və hörmətin alçaldığı qeyd olunub. Bu cür addımın güləşi ictimaiyyətin gözündən saldığı yazılıb.
Rio-de-Janeyro Olimpiadasında Türkiyənin qazandığı 8 medalın 5-nin güləşin payına düşdüyünü xatrladan Federasiya güləşlə bağlı epizodun idman qaydalarına uyğun nümayiş etdirilməsini və ya həmin hissənin filmdən çıxarılmasını tələb edir, əks təqdirdə hüquqi yollara baş vurulacağını bildirib.
Qeyd edək ki, qalmaqala səbəb olan "Recep İvedik 5" filmində azərbaycanlı boksçu obrazı da söz-söhbətə səbəb olmuşdu. Bundan sonra müəlliflər həmin boks epiozdunu filmdən çıxardıqlarını açıqlamışdı.