Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq "Azəravtoyol ASC gecə boyu gücləndirilmiş iş rejimində çalışıb.

"Azəravtoyoldan Unikal.org-a verilən məlumata görə, ASC-nin əməkdaşları gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

"Azəravtoyol ASC-ə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb. Cəmiyyət tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində qısa müddət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda "Azəravtoyl ASC-nin balansında olan avtomobil yollarında vəziyyət normaldır, - deyə məlumatda vurğulanıb.

"Azəravtoyoldan bildirilib ki, yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində görülən işlərə baxmayaraq yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vasitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəbkar olublar: "Üstəlik texnikaların vaxtında həmin ərazilərə cəlb olunmasına problem yaradıblar. Buna görə də bu cür hazırlıqsız sürücülərin yollara çıxmaları tövsiyə edilmir.