Xəbər verdiyimiz kimi Azərbaycanda 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, təhsil haqlarından azad olacaqlar. Bu barədə Konstitusiya Məhkəməsi qərar qəbul edib.

Məsələ ilə bağlı Unikal.org-a təhsil üzrə ekspert Kamran Əsədov açıqlama verib.

Bildirib ki, hazırda Azərbaycanda 369 nəfər valideyn himayəsindən məhrum olan şəxs təhsil müəssisələrində oxuyur. Onlardan 19-u ali təhsil müəssisələrində təhsil haqqını nə qədər çətin olsa da, ödəyə bilir:

"Statistik rəqəmlərdə eyni zamanda bu yolla 128 nəfərin orta ixtisas təhsil müəssisələrində təhsil aldığı da qeyd olunmuşdu. 8 fevralda Təhsil Nazirliyinin təşkil etdiyi Maarifçi tələbə Kredit fondunun iclasında qurumun nümayəndələri tələbələrə güşəştli təbəqələrə aid olduqları zaman güzəşt edildiyini dedi. Bu zaman ayağa qalxıb səlahiyyətli şəxsə onların güzəşt etdiyi kateqoriyalara Azərbaycan Respublikasının prezidenti zatən təhsil haqqını bağışlayır, yəni onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyini dedim. Bu zaman Tibb Universitetinin prorektoru məhz tələbənin qaldırdığı məsələ ilə bağlı mənə etiraz etdi.

Ekspert bildirib ki, artıq 4 ildir ki, sözügedən məsələ ilə bağlı mübarizə aparır: "Şəxsən mənə 50-dən çox tələbə müraciət edib. Bunu nəzərə alan universitet təəsüf ki, yoxdur. Bu hal təkcə Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı deyil, eyni hal Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən şəxslərlə də bağlıdır. Təsəvvür edin ki, hal-hazırda 400 dən çox Qarabağ müharibəsi Veteranının övladı Ali təhsil alır, amma bu qanunda Veteran adı yoxdur deyə, deyirlər ki, sən azad deyilsən. Halbuki, bu qanunda da düzəliş qaçılmazdır. Gərək kimsə mütləqmi əlil olsun? Axı o da bu sadalanan tələblərə uyğundur. O da Azərbaycan uğrunda savaşıb.


Bilirsiz, hər il azı 5-10 tələbə adını qazanmış abituriyent bu uyğunsuzluğa görə ali təhsil almaqdan məhrum olur. Bir qanun imkan verir, digəri yox.

Mən Tibb Universitetinin prorektoruna müraciət edəndə mənə cavab verdi ki, axı tibbə görə, elmə görə uşaqlıq 18 yaşda bitir. Qanunda da uşaqlar nəzərdə tutulur.

Bilirsiz, təhsil əlçatan olmalıdır. Dövlət bütün imkanlarını səfərbər edir ki, insanlar təhsil ala bilsin, amma qanuni yazanlar bəzi nüansları unudurlar. Tələbənin Konstitusiyas məhkəməsinə müraciət etməsi tələbələr üçün inqilabdır.