Universitetin Elmi Şurasının 2017-ci il 17 fevral tarixli iclasında "Azərbaycan Dillər Universitetində məsləhətçi-professor vəzifəsi haqqında Əsasnamə qəbul olunub. Əsasnamə yüksəkixtisaslı kadrların, professorların (dosentlərin) təcrübəsindən ADU-nun elmi-tədris prosesində istifadə etmək, varisliyi qorumaq və təhsil ocağında keyfiyyətli elmi-pedaqoji kadrlar hazırlamaq məqsədilə hazırlanıb.

Bu barədə Unikal.org-a ADU-dan məlumat verilib.

Məlumatda bildirilir ki, məsləhətçi-professor ADU-da əsasən magistr, dissertant və doktorantlara elmi məsləhətlər verəcək, dərslik, dərs vəsaitləri və digər tədris-metodiki materialların hazırlanması işlərinə cəlb olunacaq.

Rektorun əmri ilə təyin olunan məsləhətçi-professorun məhdud saatda mühazirə oxumaq hüququ da var. Bu vəzifəni elmi-pedaqoji stajı 35 ildən az olmayan, ADU-da professor vəzifəsində 10 ildən, dosent vəzifəsində isə 20 ildən artıq işləmiş alimlər tuta bilərlər.

Məsləhətçi-professor vəzifəsini tutan şəxsin ildə ən azı dərc olunmuş bir məqalə və ya dərsliyin (dərs vəsaiti, monoqrafiya) hazırlanmasında iştirakı, magistr, dissertant və doktorantlara rəhbərlik etməsi və məsləhət verməsi, həmçinin elmi və pedaqoji fəaliyyət sahəsində nailiyyətlər qazanması zəruri şərtdir.