Pekində İkinci Dünya müharibəsinin bitməsinin 80 illiyi münasibətilə hərbi parad keçirilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 3 sentyabrda Çinin paytaxtı Pekində, Tiananmen meydanında İkinci Dünya müharibəsinin başa çatması və Yaponiyanın hərbi məğlubiyyətinin 80 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad təşkil edilib. Təntənəli tədbir 80 top atəşi ilə açılıb. Bu rəqəm Yaponiyanın kapitulyasiyasından ötən illərin sayını ifadə edir. İlk olaraq meydana fəxri qarovul dəstəsi daxil olub, daha sonra hərbi bölmələrin yürüşü və texnikanın nümayişi başlayıb. Parada 50 mindən çox tamaşaçı qatılıb. Təxminən bir saat davam edən tədbir çərçivəsində iştirakçılar hava qüvvələrinin uçuşlarını, piyada dəstələrinin addımlayışını, hərbi texnika kolonlarını və finalda eskadriyanın səmada şousunu izləyiblər.

Ümumilikdə paradda 45 hərbi dəstə, 100-dən çox təyyarə və helikopter, həmçinin ən müasir silah nümunələri nümayiş etdirilib. Onların arasında hipersəs raketləri, pilotsuz uçuş aparatları, yeni nəsil tanklar və aviasiya gəmilərində istifadə olunan döyüş təyyarələri yer alıb.

Gülayə Mecid