Ölkəmizə rəhbərlik etmiş Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atıb. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir.
1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev xalqı çətin vəziyyətdən çıxarmağı bacardı. Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək Heydər Əliyev iki halı xüsusi qeyd etmişdir:
"Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".
Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlanıldı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, ulu öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıtmış və ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün möhkəm zəmin yaratmışdır.
1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində ulu öndər demişdi:
"Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla, çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".
Az bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlayan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir.
Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.
Heydər Əliyev hesab edirdi ki, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat sahəsində strateji xətti bundan ibarətdir ki, bizdə mülkiyyət forması tədricən dəyişdirilməli, iqtisadiyyatımız bazar iqtisadiyyatı əsasında qurulmalı, təşəbbüskarlığa geniş meydan verilməlidir. Məhz bu, iqtisadiyyatımızın strateji yoludur.
Birinci prezidentliyi dövründə Heydər Əliyevin konkret situasiyaya və ölkənin iqtisadi "landşaftına" hesablanmış iqtisadi konsepsiyasına əsasən islahatların üç mərhələdə həyata keçirilməsi daha məqsədəuyğun hesab edilmişdi: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə və yüksək xətlə inkişafına nail olmaq lazımdır.
Hər bir mərhələyə uyğun olaraq, həmin illərdə məqsədli kompleks proqramlar işlənib hazırlanmış, onların həyata keçirilmə müddətləri müəyyən edilmişdi. Kompleks proqramların məqsədi - minimum itkilərlə və sosial çaxnaşmalarsız böhrandan çıxmaq, cari tədbirlərdən perspektiv tədbirlərə adlamaq idi. Birinci mərhələni, xalq üçün ağır olduğuna görə, mümkün qədər sürətlə həyata keçirmək nəzərdə tutulurdu. Bu dövrdə reallaşdırılan sosial təmayüllü bazar iqtisadiyyatına keçid konsepsiyası dövlətin optimal tənzimləmə roluna əsaslanırdı.
Avropa dövlətlərinin iqtisadi tarixindən fərqli olaraq, Şərqdə iqtisadi quruculuq siyasətində dövlətin tənzimləyici roluna həmişə üstünlük verilmişdir.
Ulu öndərin iqtisadi siyasət proqramında neft amilinin aparıcı rolu təmin olunmaqla, digər təbii ehtiyatlardan səmərəli istifadə edilməsi bir daha göstərdi ki, ölkənin inkişafı üçün sistemli bir proqram mövcuddur. Buna görə ikinci sistemli addım - neftlə birlikdə ölkənin digər təbii ehtiyatlarının iqtisadi inkişafa xidməti strategiyası həyata keçirildi: ölkənin qızıl, mis və gümüş ehtiyatlarının xarici investorlarla birlikdə istismarı haqqında qərar verildi. Beləliklə, makroiqtisadi sabitliyin dayanıqlığı üçün neftdən başqa, ölkənin digər qiymətli təbii sərvətlərindən səmərəli istifadə olunması zərurəti yarandı.
Heydər Əliyev islahatları dünya təcrübəsində müşahidə etdiyimiz bütün proqramlardan əsas bir əlaməti ilə fərqlənir: onun islahatlar keçirdiyi ölkə dörd bir tərəfdən blokada, müharibə və sosial sarsıntılar (qaçqınlar problemi) içərisində olmasına baxmayaraq, Azərbaycanı 1993-cü ildən 1997-ci ilin iqtisadi artımına ardıcıl siyasi və iqtisadi addımlar həyata keçirməklə gətirmişdir.
Belə ki, 1993-cü ildə ölkədə sosial-siyasi vəziyyətin ağır olmasına baxmayaraq, ölkə Prezidenti tərəfindən nəticəsi sonralar bilinəcək tədbirlər görülməyə başlandı. Həmin il iqtisadiyyata investisiya qoyuluşunun azalma sürətində dəyişikliklər yarandı.
Tənəzzülün sürətini aşağı salmaq üçün Heydər Əliyev böyük səy göstərmiş və nəticədə ölkə iqtisadiyyatına 1994-cü ildə əvvəlki ildəkinə nisbətən 1,89 dəfə çox investisiya cəlb edilmişdi ki, bunun da 48 faizi xarici investisiyalar olmuşdur.
Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı, respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı.
"Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovisə açıqlamasında diqqətə çatdırıb ki, Heydər Əliyev 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərindən etibarən dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu:
"Ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinfilyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi. Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə, Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən əsrin müqaviləsinin imzalanması isə inqilabı bir dönüşün başlanğıcı idi. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı hesab olunmalıdır. Ulu Öndərin rəhbərliyi altında aparılan iqtisadı islahatlar və struktur islahatları qısa zaman kəsiyində ölkədə iqtisadiyyatın bütün sahələrinə güclü təkan verdi.
Tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf siyasətini möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə aparılır. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Bu gün ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır.
"İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir