"Bu məsələdə etiraz etdiyim digər məqam depozitin qoyulması ilə bağlıdır".
Unikal.org xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXC) sədri. millət vəkili Qüdrət Həsənquliyev apa-ya müsahibəsində bildirib.
O deyib: "Mən parlamentdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəyə sual verdim ki, valyutadəyişmə məntəqəsinin açılması üçün depozitin qoyulması nə üçün lazımdır? Əvvəlcə 50 min manat depozitin qoyulması nəzərdə tutulubmuş, sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu, çıxarılıb. Qanunda bu depozitin miqdarı göstərilməyib, müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. Müvafiq icra hakimiyyəti orqanı bu depozitin miqdarını həddindən artıq çox edə bilər. 50 min, 100 min, hətta 200 min manat da edə bilər. Tutaq ki, müraciət edənlərin sayı çoxdur, depozitin miqdarını qaldıra bilər. O da qeyd olunur ki, lisenziyanın qüvvədə olduğu müddətdə depozit xüsusi hesabda, bankda saxlanılır. Valyuta dəyişən adamın hansı öhdəliyi var ki, gələcəkdə bu maliyyə öhdəliyini yerinə yetirə bilməyəndə həmin depozitdən istifadə olunsun?! Depozitlə bağlı sual ünvanladıqdan sonra Ziyad Səmədzadə susdu, onun əvəzindən spiker Oqtay Əsədov dedi ki, bütün dünyada depozit var, bizdə də saxlayırıq. Halbuki mən dünya təcrübəsini öyrənmək üçün sual verməmişdim, depozitin nə üçün saxlanılmasının mahiyyətinin izah edilməsini istəmişdim. Valyutadəyişmə məntəqəsinin sahibi 50 min manatı valyutadəyişmə prosesində istifadə edilməklə pul qazanıla bilər, niyə sahibkarın imkanlarını məhdudlaşdırmalısan?! Bu suala da cavab verilmədi.
Son müzakirələr göstərdi ki, Azərbaycanda Milli Məclisdə, nəhayət, bir praktikaya son qoyulmalıdır. Hansısa nazirlik, dövlət orqanı bu və ya digər qanunvericilik təşəbbüsü ilə çıxış edir və sonra onların təşəbbüskarı olduğu qanunu parlamentdə komitə təqdim edir. Valyutadəyişmə məntəqələri ilə bağlı qanuna dəyişikliklərin müzakirəsi də göstərdi ki, bir çox hallarda komitə sədrləri qanunla bağlı deputatların suallarına doğru-düzgün cavab verə bilmirlər. Digər tərəfdən, dünya təcrübəsi də göstərir ki, layihəni hazırlayan İşçi Qrupunun rəhbəri gəlməli, Milli Məclisdə qanunu təqdim etməli və müzakirələr zamanı da suallara cavab verməlidir. Məsələn, mən dünən valyutadəyişmə məntəqələri ilə əlaqədar qanuna dəyişikliklərin müzakirəsi zamanı Ziyad Səmədzadəyə bir neçə sual ünvanladım, heç birinə cavab vermədi. Ona görə də qanun layihəsini hazırlayan İşçi Qrupunun rəhbəri, yaxud həmin nazirliyin, dövlət orqanının nümayəndəsi, yaxud Prezident Administrasiyasında qanun layihəsinin üzərinə viza qoyan, prezident adından Milli Məclisə göndərilməsi məqsədi ilə imza üçün prezidentə təqdim edən əməkdaş parlamentə gəlməli, qanun layihəsini təqdim etməlidir. Yoxsa görürsünüz ki, son vaxtlar çoxlu sayda qanunlar qəbul edir, qısa vaxtdan sonra dəyişirik".