Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-aprel aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 60 min manata yaxın vəsaitin işçilərə ödənilməsi təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, həmin vəsaitin 56 448 manatı (94,1 faiz) gecikdirilmiş əmək haqlarından, 2 300 manatı (3,8 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Müraciətlərin araşdırılması zamanı ayrı-ayrı işçilərin işdən qeyri-qanuni şəkildə azad edildikləri də müəyyən edilib və görülən tədbirlər nəticəsində onların yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinə əməl olunması, işçilərin əmək hüquqlarının təminatı, o cümlədən əmək haqları və sosial xarakterli digər ödənişlərin onlara qanunvericilikdə nəzərə tutulmuş qaydada vaxtında onlara çatdırılması və s. ilə bağlı işəgötürənlərə ətraflı şəkildə məlumatlar da verilib.