Mayın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. "Azərlotereya ASC-nin və Bakı Biznes Mərkəzinin dəstəyi ilə keçirilmiş tədbirdə rəsmi şəxslər və KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.
Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir, dünyada layiqli yerini tutmuş və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan inkişaf edir, siyasi sabitliyi, toleranlığı, özünəməxsus iqtisadi inkişafı ilə seçilir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Sonra Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi "Heydər Əliyev və iqtisadi islahatlar mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.
Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən belə müsabiqələr ənənəvi olaraq hər il keçirilir. Bu ilki müsabiqəyə 46 KİV tərəfindən 84 material təqdim edilib. Təqdim edilmiş materiallar İqtisadiyyat Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunub, onlara mükafatlar verilib. Sonda Ümummilli Liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına YAP-ın vəsiqələri təqdim olunub.