"Prezident İlham Əliyevin rəhbərliyi altında müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli iqtisadi islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış strateji yol xəritələrinin icrası nəticəsində ölkədə sahibkarlarla birlikdə iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə fərqli bir modeli - Azərbaycan modeli daha da inkişaf etdiriləcək.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası mövzusunda keçirilən konfransda bildirib.
O deyib ki, ölkəmizin qazandığı uğurlar beynəlxalq təşkilatların, aparıcı reytinq agentliklərinin qiymətləndirilməsində öz əksini tapıb. "Ölkə başçısının rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilib. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyən edilib. Bəzi "ekspertlərin proqnozlarına baxmayaraq, manat güclənməkdədir. Atılan addımlar nəticəsində valyuta ehtiyatlarımız nəinki strateji səviyyədə qorunub, hətta kəskin artıb.