Azərbaycan Diplomatiya Akademiyasının rektoru, tanınmış diplomat Hafiz Paşayev "Asan radionun qonağı olub.
Unikal.org xəbər verir ki, o, akademiyanın yaradılması, ixtisaslı mütəxəssislərin yetişdirilməsi, eləcə də peşəkar müəllim çatışmazlığı kimi məsələlərlə bağlı fikirlərini bölüşüb.
Hafiz Paşayev bildirib ki, ADA-nı yaratmaqda əsas məqsədləri Azərbaycanda dünya səviyyəli universitet təşkil etmək olub: "Bu akademiyanın yaradılması ilk olaraq Azərbaycanın gənc nəsli üçün faydalıdır. Müxtəlif ölkələrdən tələbələrin bura gəlib təhsil alması da azərbaycanlı tələbələr üçün vacib şərtdir. Çünki təhsilin beynəlmiləl səviyyədə olması tələbələrin yetişməsi baxımından daha faydalıdır. Eyni zamanda akademiyada təhsil tam ingilis dilindədir və bunun da əsas səbəbi aparıcı, qabaqcıl və beynəlxalq səviyyəli universitet yaratmaq məqsədi ilə bağlıdır. Doğrudur, bizdə dövlət proqramı var idi və tələbələr xaricə təhsil almağa göndərilirdi. Amma bizim məqsədimiz o idi ki, burada dünyanın qabaqcıl universitetləri ilə ayaqlaşa biləcək təhsil ocağı yaradaq. Deyə bilərəm ki, artıq 4 məktəbimiz, yəni 4 fakültə var və orada təhsili elə təşkil etmişik ki, heç də xarici universitetlərdən geri qalmır. Eyni zamanda bu işi daha da genişləndirmək planımız var.
Hafiz Paşayev üzləşdikləri əsas problemlərə də toxunub və peşəkar müəllim çatışmazlığını xüsusi vurğulayıb: "Bizim əsas problemimiz müəllimdir. Müəllim lazımdır, müəllim, müəllim, müəllim! Hər bir şəraitimiz var, amma yenə də ən vacibi müəllimdir.
Akademiya rektoru qeyd edib ki, ADA-nın məzunlarının əksəriyyəti iş tapmaq problemi yaşamır: "Biz statistika aparırıq və məzunlarımızın 87 faizinin iş tapdığını görürük. Əsas məqsədimiz odur ki, cavanlar sonra gəlib yalvarmasın ki, mənə iş verin. Onlar elə yetişməli, elə savad-bilik almalıdırlar ki, hamı onları axtarmalı, heç kimə möhtac olmamalıdırlar".