Minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib.
Unikal.org Xəzər TV-yə istinadən xəbər verir ki, Hadisə Bakı-Quba yolunun Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində baş verib. Sumqayıt sakini, 12 yaşlı Samir Mövsümov avtobusdan düşərək yolu keçmək istəyərkən əks istiqamətdən gələn minik avtomobili tərəfindən vurulub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Salyanda isə minik avtomobillərini daşıyan yük maşını aşıb, 7 nəqliyyat vasitəsi əzilib.
Hadisə Ələt-Astara magistralının Salyanın Kürsəngi kəndindən keçən hissəsində baş verib. Satış üçün nəzərdə tutulan minik avtomobillərini daşıyan TIR-ın sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınının qoşqusunda olan və satış üçün nəzərdə tutulan 7 ədəd minik avtomobili əzilərək yararsız hala düşüb. Avtomobillər Gürcüstanın Batumi şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus olub və İrana aparılması nəzərdə tutulub. İlkin ehtimala görə, qəza sürücünün yuxulu olması səbəbindən baş verib.
Hər iki faktla bağlı araşdırma aparılır.