Xəbər verdiyimiz kimi, İmişli rayonunda orta məktəbin psixoloqu döyülüb. Hadisə rayonun Boşçalılar kənd orta məktəbində baş verib. Bələ ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Məsələ ilə bağlı Unikal.org-a Boşçalılar kənd orta məktəbin direktoru Səadət Mustafayeva və həyat yoldaşı Rasim Xudaverdiyev danışıb.
S.Mustafayeva məlumatın həqiqətə uyğun olmadığını deyib: "Yalan söhbətdi, şantaj xarakterli məlumatdır və düşmən sözüdür. Bizi istəməyən adamlardan çıxan məlumatdır. Şəhla xanım həyat yoldaşımın bibisi qızıdır və onunla heç bir söz-söhbəti olmayıb. Onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatda yalandır.
Məktəb direktoru hazırda xəstəliyi ilə əlaqədar məktəbə getmədiyini də deyib: "Elə bilərsiz, yayılan məlumata görə məktəbə getmirəm? Yox. Heç bir problemimiz yoxdur. Sadəcə olaraq, xəstə olduğum üçün məktəbə getməmişəm.
Səadət Mustafayeva əvvəl həyat yoldaşının İmişli Rayon Polis Şöbəsinə çağırılmadığını desə də, sonradan bu məsələyə nədənsə, belə reaksiya verir: "Həyat yoldaşım Şəhla söhbətinə görə polis bölməsinə çağırılmayıb. Başqa söhbətdi. Mənim Şəhla, onun da mənimlə heç bir problemi yoxdur.
Daha sonra yayılan məlumata Rasim Xudaverdiyev münasibət bildirib:
"Ay qardaş nə döyülmə? Kimi döymüşəm? Bu nə boş-boş söhbətlərdir. Vəzifəli şəxslər barəsində bütün saytlar məlumat yazır. Siz inanırsız yazılanlara? Elə bir hadisə olsaydı, hüquq-mühafizə orqanları bu işlə məşğul olardı. Kim ağlına nə gəlirsə, yazır. Bu, düzgün deyil. Mən müstəqil adamam, evimdə oturmuşam və heç yerə çağırılmamışam. Şəhla necə xəstəxanaya yerləşdirilib? İmişlidə 2 xəstəxana var. Hər iki xəstəxanaya zəng edin. Soruşun ki, sizdə Şəhla Abbasova adlı xəstə daxil olub?.
Məsələyə Şəhla Abbasovanın qardaşı Musa Abbasov da danışıb: "Bacım ailəli adamdır. Hazırda məktəbdədir. Belə bir hadisə olmayıb. Məktəbin direktoru və həyat yoldaşı hər ikisi bizim yaxın qohumumuzdur və çox gözəl münasibətimiz var.
Daha sonra hadisənin qəhramanı, psixoloq işləyən Şəhla Abbasova Unikal.org-a danışıb və baş verənləri təsdiqləyib:
"Bəli, məni döyüb. Bununla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Özümdə bilmədən hadisə baş verdi. Qardaşım da bu məsələnin şişirdilməsini istəmirdi.
Şəhla Abbasova hadisənin harada baş verməsini də açıqlayıb: "Təmsil etdiyim Boşçalılar kənd orta məktəbin direktoru Səadət Mustafayeva məktəbdə özünü pis hiss edirdi. Təcili Yardım briqadası gələnədək, hadisə yerinə onun həyat yoldaşı Rasim Xudaverdiyev də gəldi. O otağa daxil olan kimi, özüm də bilmdən mənə hücum etdi və xəsarət yetirdi. Hələdə, baş verənlərdə günahımın nə olmasını bilmirəm. Hüquq-mühafizə orqanları bu məsələni araşdırır. Hazırda işimin başındayam. Xəsarət alsam da, xəstəxanaya yerləşdirilməmişəm.