Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində X tura yekun vurulub.
Unikal.org-un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb. Görüş 58-ci gedişdə heç-heçə ilə yekunlaşıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib.
Bu nəticədən sonra Karuana liderliyini davam etdirib. Aktivində 2 qələbə və 8 heç-heçə olan Məmmədyarov isə ikincidir.
Turun digər görüşləri:
Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya) - 0.5:0.5
Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan) - 1:0
Din Lijen (Çin) - Uesli So (ABŞ) - 0.5:0.5
9 turdan sonra Karuana 6,5 xalla vahid liderdir. Məmmədyarov 6 xalla 2-ci, Qrişuk 5,5 xalla 3-cü yerdə qərarlaşıb. 4-5-ci pillələrdəki Karyakin və Din Lijen hərəyə 5 xalla bölüşür. 6-cı pillədəki Kramnikin 4,5, 7-ci pillədəki Sonun 4, 8-ci pillədəki Aronyanın 3,5 xalı var.
Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.