Futbol üzrə Çempionlar Liqasında ilk 2 yarımfinalçı müəyyənləşib.

Unikal.org-un məlumatına görə, 1/4 final mərhələsinin cavab görüşləri baş məşqçi Xosep Qvardiolanın hazırkı və keçmiş komandaları üçün ağır sonluqla yekunlaşıb. İngiltərənin "Mançester Siti" klubu ilk görüşdə 0:3 hesabı ilə uduzduğu "Liverpul"a cavab qarşılaşmasında da yenilib. Hesabı "şəhərlilər" hələ 2-ci dəqiqədə Qabriel Jezusun qolu ilə açsalar da, fasilədən sonra qapılarında 2 qol görüşlər. 56-cı dəqiqədə Məhəmməd Salah, 77-ci dəqiqədə isə Roberto Firmino fərqlənib. Bununla da "Liverpul" yarımfinala yüksəlib.

İspaniya "Barselona"sı isə ilk görüşdə 4:1 hesabı ilə yendiyi "Roma"ya İtaliyada 0:3 hesabı ilə yenilib. Paytaxt təmsilçisi 6-cı dəqiqədə Edin Cekonun qolu ilə hesabı açıb. 57-ci dəqiqədə Daniele De Rossi penaltidən fərqi artırıb. Oyunda son nöqtəni isə 82-ci dəqiqədə Kostas Manolas qoyub.

Bununla da "Roma" səfər qolu sayəsində mərhələ adlayıb.

Daha 2 yarımfinalçının adına isə bu gün keçiriləcək "Real Madrid" (İspaniya) - "Yuventus" (İtaliya) və "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) matçlarından sonra aydınlıq gələcək.