"Sərbəst güləş üzrə Dünya Kubokunda ABŞ-la keçirilən final görüşündə pərdəarxası çox şeylər var idi. Biz birinci yerə iddialı idik. Hakimlər Cəbrayıl Həsənovu açıq-aşkar məğlubiyyətə uğratdılar".
Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləş yığmasının Dünya Kubokunda ikinci yeri tutmasına münasibət bildirən baş məşqçisi Firdovsi Umudov "Report"a açıqlamasında deyib.
Baş məşqçi əvvəlcə komandanın çıxışını dəyərləndirib:
"Dünya Kubokunda dünyanın səkkiz ən güclü komandası yer almışdı. Bizim yarımqrupda bildiyiniz kimi Kuba, Qazaxıstan və Monqolustan var idi. İlk görüşümüz Kubaya qarşı oldu. Çox gərgin görüş keçdi. Uşaqlar bütün komandalara qarşı əzmkarlıq nümayiş etdirdilər. Burdan da gedəndə demişdik ki, əsas hədəf finala vəsiqə qazanmaqdır. Komandanın tərkibində gənc güləşçilərə də, üstünlük vermişdik. Aparıcı güləşçilərimizdən Şərif Şərifov, Murtuzəli Məhəmmədov, Nurməhəmməd Hacıyev səhhətində problemlər səbəbindən komandada yer almamışdı. Biz Toğrul Əsgərovun da çıxışını planlaşdırmışdıq. Lakin o, tam formada deyildi. Komandanın liderlərindən Cəbrayıl Həsənov, Hacı Əliyev, Cəmaləddin Məhəmmədov, Aslanbek Alborov, Aleksandr Qostiyev var idi. Yenilərdən Coşqun Əzimov çox əzmkarlıq göstərdi. Georgi Edişeraşvilinin güləşi çox xoşumuza gəldi".
Firdovsi Umudov final görüşündə komanda üzvlərinin haqsızlıqla qarşılaşdıqlarını dilə gətirib:
"Final görüşündə pərdəarxası çox şeylər var idi. Biz birinci yerə iddialı idik. Hacı Əliyevin finaldan qabaq Kuba güləşçisi ilə görüşündə səhhətində problem yaranmışdı. Cəbrayıl Həsənvun görüşündə hakimlər onu açıq-aşkar məğlubiyyətə uğratdılar, 4 xallıq və 2 xallıq fəndlər var idi, onu vermədilər. Buna baxmayaraq, güləşçilərimiz sonadək mübarizə apardılar. Finalda qarşılaşdığımız Amerika yığması ötən ilin dünya çempionları idilər. Lakin biz özümüzü qalib kimi hiss edirik. Düzdür səhvlərimiz var idi. Qarşıda bizi Avropa çempionatı gözləyir. Yığma komandanın heyətinə yenidən baxılacaq. Bəzi idmançılar heyətdə yer almayacaq. Çünki onların əzmkarlıq və xarakteri xoşumuza gəlmədi".
Xatırladaq ki, ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda ikinci yeri tutan Azərbaycanın sərbəst güləş yığması bu gün səhər Vətənə dönüb. Millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.