Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir. 

Unikal.org xəbər verir ki, bunu trend-ə Türkiyənin batut gimnastikası yığmasının məşqçisi Şükrü Alp Arı deyib.

O qeyd edib ki, türkiyəli gimnastlar Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatından öncə ciddi hazırlıq keçiblər:

"Bizi fərdi yarışlarda iki gimnast və bir sinxron cütlük təmsil edir. Biz medallar uğrunda mübarizə aparmaq istəyirik".

Məşqçinin sözlərinə görə, Türkiyə nümayəndə heyəti turnirin təşkilindən çox razıdır: "Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımızı bildirmək istərdik. Düşünürəm ki, Azərbaycan böyük turnirlərin təşkilində bütün Avropadan irəlidədir".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü günü davam edir.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.