Biz enerji ölkəsi olsaq da, tükənməyən alternativ enerji mənbələrinin inkişaf etdirilməsində maraqlıyıq.

Unikal.org-un məlumatına görə, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalasla görüşündə deyib.

Ə.Əhmədov qeyd edib ki, iqtisadiyyat inkişaf etdikcə ekoloji tarazlıqda istər-istəməz pozğunluqlar olur: "Bunlar da aradan qaldırılmalıdır. İçməli suyun tükənməməsi üçün bir çox layihələr həyata keçiririk, ancaq bu da kifayət etmir, daha çox müvafiq layihələr üzərində işləməliyik. Bu məsələlərin həllində Dünya Meteorologiya Təşkilatının dəstəyi vacibdir. Biz hökumətə reallaşa biləcək layihələrlə bağlı məlumat verəcəyik. Sizin rəhbərlik etdiyiniz qurumlarla əməkdaşlıq çərçivəsində faydalı layihələrin həyata keçiriləcəyinə ümidvarıq.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkə əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı surətdə islahatlaşdırılması, yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilir. İqtisadiyyatın şaxələndirilməsi, əsasən kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məqsədilə bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bütün bunlarla yanaşı, ölkəmizdə havanın keyfiyyətinin yaxşılaşdırılması, içməli su probleminin aradan qaldırılması məsələləri prioritet olaraq qalır.

Dünya Meteorologiya Təşkilatının baş katibi P.Taalas Azərbaycanda birinci dəfə olduğunu vurğulayaraq, ölkəmizlə yaxından tanış olduğundan məmnunluğunu ifadə edib. Qonaq Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini bərpa etmiş bir çox ölkələrdə olduğunu, lakin heç birinin Azərbaycan kimi uğurlu inkişafa nail olmadığını bildirib. P.Taalas həyata keçiriləcək layihələrin kənd təsərrüfatının inkişafında uğurlu nəticələr verəcəyini vurğulayıb:

"Həyata keçiriləcək layihələrin uğurlu olacağına əminəm. Azərbaycanda dayanıqlı inkişaf sürətlidir, bütün sahələrdə inkişaf gedir, müsbət nəticələr var. Biz təklif edirik ki, meteoroloji sahəyə investisiya yatırılsın. Bu sahəyə qoyulan investisiyaların 10 mislini götürmək imkanı var. Bu, həm də havanın keyfiyyətinin yaxşılaşmasına müsbət təsirini göstərəcək.