"Neftçidə baş məşqçi ilə rəhbərlik arasında münasibətlər getdikcə pisləşir. 

Unikal.org apasport.az saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının XXVI turunda "Qarabağla keçiriləcək oyunöncəsi düşərgədə daha bir xoşagəlməz olay yaşanıb.

Belə ki, matçdan əvvəlki son məşqin ardından komandanı axşam saatlarına qədər istirahətə buraxan baş məşqçi Tərlan Əhmədov bazaya qayıdarkən şok hadisə ilə üzləşib. 



Çalışdırıcıya məlumat verilib ki, onun xəbəri olmadan idman direktoru Ceyhun Sultanov bütün futbolçuların iştirakı ilə komandadaxili iclas çağırıb. Axşam saat 8-ə nəzərdə tutulan görüşün keçirilməsinə baş məşqçi narazılıq edib. Əhmədov taleyüklü qarşılaşmadan bir gün əvvəl xəbəri olmadan və dəvət edilmədən belə bir addımın atılmasını özünə qarşı hörmətsizlik kimi dəyərləndirib. Sultanov klub prezidenti Kamran Quliyevin təşəbbüsü ilə buna qol qoyduğunu bildirsə də, baş məşqçinin ciddi təkid və tələbindən sonra geri çəkilməli olub.



Artıq futbolçular da bu soyuq münasibətdən narahatdılar. Rəhbərliyin mövsümün həlledici məqamında baş məşqçisiz iclas keçirmə cəhdi, müqavilə müddəti yaya qədər olan bəzi oyunçulara indikindən aşağı maaşla yeni sözləşmə təklif etməsi və transferi nəzərdə tutulan futbolçularla aşkar şəkildə danışıqların aparılması "ağ-qaraların üzvləri arasında təşviş yaradıb.

Aldığımız məlumata görə, Tərlan Əhmədov dünən gec saatlaradək yetirmələri ilə təkbətək görüşlər keçirib, onları sakitləşdirməyə çalışıb.