Bəzi kütləvi informasiya vasitələrində "Baku Medical Plazada beş aylıq körpənin həyatını itirməsi ilə bağlı xəbərlər yayımlanıb. Məlumatda klinikanın rəhbərliyi uşağın meyitinin valideynlərinə təhvil vermək üçün pul tələb etdiyi iddia edilir.
Məsələ ilə bağlı unikal.org-a açıqlama verən "Baku Medical Plazanın baş həkiminin müavini Lalə Şəkərova yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
"Yayılan xəbərdən təəssüflənirik. Dünyasını dəyişən uşaq klinikamıza ayın 25-i qəbul olunub. Klinikaya daxil olarkən körpənin vəziyyəti çox ağır idi. Biz uşağın valideynlərinə izah etdik ki, körpə reanimasiyaya yerləşdirilməlidir. Valideynləri bizdən xahiş etdi ki, uşağı klinikaya götürək. Günorta uşağın valideynləri xəstəxanaya depozit qoymuşdular. Onlar gedəndə klinikamıza 2000 manat borclu idilər. Qeyd edim ki, klinika həmin borcu da yaranan vəziyyətə görə güzəştə gedərək silib. Onlardan heç kəs pul tələb etməyib. Hətta biz uşağı morqa yollamaq istəyirdik. Amma valideynləri bununla razılaşmadılar. Jurnalistlərdən xahiş edirik ki, klinikamızla bağlı məlumatları dəqiqləşdirmədən yayımlamasınlar. Çünki bu cür xəbərlər ictimaiyyəti yanılda bilər".