Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və bəzi KİV-də Sumqayıtda polis əməkdaşlarının sakinlərə hücum etməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində sahibkar müvafiq icra strukturlarının razılığı əsasında tikinti işləri aparmaq istəyərkən həmin məhəllənin bir neçə sakini qanunsuz tələblər irəli sürərək tikinti işlərinin gedişinə maneə törədib: "Qanunsuz tələblərinin yerinə yetirilmədiyini görən bir qrup sakin tikintidə çalışan bir neçə fəhləni döyərək xəsarət yetirib. Həmin fəhlələr də bununla bağlı Daxili İşlər Nazirliyinin "102 xidmətinə müraciət edib. Müraciət əsasında da Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerinə gedib, ərazidə ictimai asayişi təmin ediblər. Bu zaman ictimai qaydanı kobud şəkildə pozan və polisin qanuni tələblərinə tabeçilik göstərməyən 3 nəfər saxlanılıb.
Hazırda araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.