Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən iyunun 29-da reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, reyd zamanı Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 3-4 radələrində iki "URAL markalı dövlət nömrə nişanı olmayan avtomobillər saxlanılıb. Avtomobillərin yük yerində qanunsuz yolla əldə edilmiş 12 kub metr həcmində işlik fısdıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılıb.
Qeyd edək ki, qanun pozucuları barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon hüquq-mühafizə orqanına göndəriləcək. Meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı qəti və barışmaz mübarizə aparılması məqsədilə Nazirliyin əməkdaşları tərəfindən digər rayonlarda da reydlər davam etdirilir.