Türkiyənin İstanbul şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında "Çempionlar" adlı beynəlxalq turnir keçirilib.
Unikal.org xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının saytı yayıb.
Bildirilib ki, 21-ci dəfə baş tutan turnirdə iştirak edən Azərbaycan güləşçiləri ümumilikdə 11 medal qazanıblar.
Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləşçilər 2 gümüş və 5 bürünc medala sahib olublar.
Yalnız final görüşündə məğlub olan Əliabbas Rzazadə (57 kq) və Elmar Kazımov (65 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə komandaya İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov (hər ikisi 74 kq) və Orxan Abbasov (79 kq) qazandırıb. Sərbəst güləşçilər komanda hesabında turniri 3-cü sırada tamamlayıb.
Böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Türkiyəyə yollanan yunan-Roma güləşçilərimiz isə 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. Bütün rəqiblərindən üstün olan Zaur Nuriyev (63 kq) turnirinn qızıl medalını qazanıb. Yalnız finalda uduzan Kamran Mirzəliyev (67 kq) gümüş, Zaur Əliyev (55 kq) və Nəsir Həsənov (77 kq) isə bürünc medala sahib olub.
Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.