Xəzər dənizində həyati təhlükə ilə üzləşən 2 nəfər Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib. Verilən məlumata görə, noyabrın 29-da saat 21:25 radələrində Bakı şəhər sakinləri Əmiraslan Hüseynov və Hikmət Səmədov Novxanı qəsəbəsində qayıqla dənizdə balıq ovuna çıxıblar.
Sahildən təxminən 5 kilometr aralıda qayığın mühərriki xarab olduğuna görə onlar həyati təhlükə ilə üz-üzə qalıblar.
Dənizdə köməksiz vəziyyətdə qalmış balıqçılardan daxil olmuş məlumatla əlaqədar dərhal DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Havanın çox küləkli, soyuq, dənizin isə dalğalı olmasına baxmayaraq, Ə.Hüseynov və H.Səmədov polis əməkdaşları tərəfindən xilas ediliblər.