Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Unikal.org-un məlumatına görə, Latviyada təlim-məşq toplanışında olan yığmamız bu ölkənin millisi ilə üz-üzə gəlib.
Qarşılaşma Liepaya şəhərindəki Nikas idman zalında təşkil olunub. Yığmamızın baş məşqçisi Joze Alesio Baltikyanı ölkə təmsilçisi ilə görüşdə aşağıdakı heyətə şans verib: Rövşən Hüseynli (q), Teles Thaqo, Fineo de Araujo, Vitali Borisov, Sezar Conatan, Emin Kürdov (q), Samir Həmzəyev, Ramiz Çovdarov, Rizvan Fərzəliyev (k), Oktay Rüstəmli, Nihad İsmayılov, Xətai Bağırov, Kardosa Everton, İsa Atayev.
Yerli hakimlər İnqus Purins, Eduard Ratkujins və Armand Bucisdən ibarət briqadanın idarə etdiyi görüşdə millimiz 3:1 hesablı qələbə qazanıb. Teles Thaqonun dubl etdiyi oyunda digər qolu Vitali Borisov vurub.
Qeyd edək ki, Azərbaycan və Latviya milliləri sabah daha bir yoldaşlıq oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.