Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. 

Unikal.org xəbər verir ki, həftənin son oyunu "ASCO Arena"da baş tutub.

Burada "Səbail" "Neftçi"ni qəbul edib.

Oyunda hesabı 50-ci dəqiqədə qonaqlar açıb. "Neftçi"nin heyətində Mirabdulla Abbasov fərqlənib. Fasilədən sonra meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevin əvəzetməsi uğurlu olub. Fəhmin Muradbəylini yerinə meydana girən Ədilxan Qarəhmədov 81-ci dəqiqədə bərabərlik topunu vurub. Bundan 4 dəqiqə sonra isə Ağabala Ramazanov meydan sahiblərini önə çıxardıb. Lakin 90+5-ci dəqiqədə Mamamdu Mboc bərabərlik qolunu vurub.

Final fitindən sonra hakimə iradını bildirən "Səbail"in qapıçısı Aleksandr Rıbka qırmızı vərəqə alıb.

Bu heç-heçədən sonra xalını 35-ə çatdıran "Səbail" 3-cü pillədə qalıb. Çempionluq yolunda ciddi zərbə alan "Neftçi" isə 52 xalla 2-cidir. Lider "Qarabağ" 54 xala malikdir.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Sabah"ı 3, "Zirə" isə "Sumqayıt"ı 2 cavabsız qolla məğlub edib. Bu gün keçirilən "Keşlə" - "Qəbələ" görüşündə qonaqlar qələbə qazanıb - 2:1.