Aprelin 16-da AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Unikal.org Peşəkar Futbol Federasiyasının (PFL) saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan çempionatının XXIV turunun oyunlarında yol verilən qayda pozuntularına görə cərimələr tətbiq olunub.
“Qarabağ” – “Sabah” qarşılaşmasında meydan sahiblərinin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat məbləğində cərimə olunub. “Səbail” – “Neftçi” matçında isə qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat məbləğində cərimələnib. Oyun başa çatdıqdan sonra “Səbail” klubunun futbolçusu Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə üç oyunluq yaşıl meydanlardan kənarda qalacaq. Klub isə 1600 manat cərimə olunub. Futbolçuya verilmiş 3 oyunluq cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın qalan hissəsi qüvvəyə minəcək.
“Keşlə” – “Qəbələ” görüşünün 88-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Məşqçinin əməlinə görə klub 800 manat məbləğində cərimə olunub.
Həmçinin “Keşlə” – “Qəbələ” matçının gedişində “Qəbələ” klubunun üzvü Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı “Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət edilib. Futbolçuya məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.