Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzinin ləğv edilməsi və 2011-ci il 6 dekabr tarixli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Baş nazir Novruz Məmmədov imzaladığı müvafiq qərara əsasən Nazirlər Kabinetinin 2001-ci il 8 sentyabr tarixli qərarı ilə yaradılmış Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilib.
Unikal.org xəbər verir ki, GİN Respublika İdman Tibb Mərkəzinin ləğv edilməsi ilə bağlı bəyanat yayıb:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Gənclər və idman nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilib. 1953-cü ildən fəaliyyət göstərən müəssisə uzun müddət istismar edildiyi üçün yararsız vəziyyətə düşmüş, maddi texniki bazası və tibbi avadanlıqları isə fiziki və mənəvi cəhətdən köhnəlib.
Bu səbəbdən Mərkəzin üzərinə düşən vəzifələrin icrasında ciddi çatışmamazlıqlar yaranmışdır. Qeyd edilən nöqsanların aradan qaldırılması məqsədi ilə cari ilin yanvar ayından Tibb Mərkəzi təmirə dayandırılıb.
Buna baxmayaraq, hal hazıra kimi Mərkəzin əməkdaşlarına aylıq vəzifə maaşları ödənilib.
Təmir işləri yekunlaşandan sonra ləğv edilmiş Mərkəzin işçi heyətinin Səhiyyə Nazirliyinin mütəxəssisləri vasitəsi ilə keçiriləcək attestasiyasının nəticələrindən asılı olaraq, GİN-nin nəzdində fəaliyyət göstərən “Milli İdman Tibb və Realibitasiya İnstitutu” MMC-də fəaliyyətlərini davam etdirməsi nəzərdə tutulur".
Dispanserin təmirdən öncəki fotoları təqdim edirik.