Nüfuzlu "Paddock Magazine" nəşri 2019-cu ildə "Formula 1" üzrə ən görkəmli 100 şəxsin adlarını açıqlayıb.
Unikal.org xəbər verir ki, siyahıya Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da düşüb.
80-ci sırada yer alan nazir "Formula 1" təqvimində ən yeni yarışın - Azərbaycan Qran-prisinin arxasında duran insan kimi təqdim olunub. Bildirilib ki, Azərbaycanın dünyada təmsil olunmaq üçün dürüst mandatı var. Amma 54 yaşlı funksioner ötən illə müqayisədə 3 pillə geriləyib.
Siyahıda birinci yerdə "Formula 1" yarışlarını təşkil edən "Liberty Media"nın rəhbəri Çeyz Kerri qərarlaşıb. "100-lüy"ə hazırkı pilotlardan 7-si də düşüb. Onların arasında ən yüksək - 21-ci yer "Mercedes" pilotu, 5 qat dünya çempionu Lüis Hemiltona məxsusdur.
"Ferrari" pilotu, 4 qat dünya çempionu Sebastyan Fettel 33-cü, "Red Bull"un lideri Maks Ferstappen 44-cü, Hemiltonun komanda yoldaşı Valtteri Bottas 49-cu, "Ferrari"nin yeni pilotu Şarl Lekler 53-cü yerdə gedir. 2007 mövsümünün dünya çempionu Kimi Raykkonen 63-cü, "Reno" pilotu Daniel Rikkardo 72-cidir.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin promouteri Azad Rəhimovun oğlu Arif Rəhimovdur.