Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Unikal.org xəbər verir ki, finala gedən yolda Azərbaycan yığmasının iki boksçusu da “Uruçye Arena”da rinqə çıxıb.
69 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor böyük britaniyalı Pat Makkormakla qarşılaşıb. Bunadək 1/16 finalda ermənistanlı Qurqen Madoyanı 5:0, 1/8 finalda bosniya və herseqovinalı Adem Fetahoviçi 4:1, 1/4 finalda kosovolu Patriot Behramii 5:0 hesabı ilə məğlub edən Sotomoayor bu dəfə qalib gələ bilməyib. Bununla da idmançımız həm də Avropa çempionatı statusu daşıyan Avropa Oyunlarında bürünc medal qazanıb. Bu, təmsilçimizin mötəbər yarışda ikinci mükafatıdı. Rio Olimpiadasının gümüş mükafatçısı dörd il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi olmuşdusa, bu dəfə kolleksiyasına bürünc əlavə edib.
Azərbaycan yığmasının digər legioner boksçusu, 81 kq çəki dərəcəsində yarışan Alfonso Dominqes isə yarımfinaldakı rəqibinə qalib gəlməklə, adını finala yazdırıb. O, finala vəsiqə uğrunda italiyalı Simone Fiori ilə görüşüb. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0 hesabı ilə məğlub edən boksçumuz ardıcıl 4-cü qələbəsini qazanıb – 4:1. Bununla da təmsilçimiz ən azı gümüş medalı təmin edib.
O, finalda Qor Nersesyana (Ermənistan) qalib gələn Bencamin Vittakerlə (Böyük Britaniya) üz-üzə gələcək. Final qarşılaşması iyunun 29-da Bakı vaxtı ilə saat 18:55-də baş tutacaq.