Türkiyədə, Amasyanın Gümüşhacıköy rayonunda Gürcüstan vətəndaşı olan bir qadın evində silahla qətlə yetirilmiş halda tapılıb.
Unikal.org xəbər verir ki, Adatəpə məhəlləsi Çəmən küçəsində yaşayan 60 yaşlı Afət Məmmədlinin evində silah səsləri eşidilib. Bundan sonra qonşular polis çağırıblar.
Evə gələn təcili yardım xidməti və polis əməkdaşları hadisə yerində A.Məmmədlinin silahla vurulmuş cəsədini aşkarlayıblar. Meyit ekspertiza üçün Ankara Tibb Qurumuna aparılıb.
Evdə iki boş mərmi tapılıb. Polisdən verilən məlumata görə, qadını eyni evdə qaldığı rəfiqəsinin sevgilisi öldürüb. 47 yaşlı kişi A.Məmmədliyə intim əlaqə təklif etsə də, qadın bunu rədd edib və bundan sonra güllələnib.
Qeyd edilib ki, hadisədə şübhəli bilinən R.H. polis tərəfindən saxlanılıb. A.Məmmədlinin Gürcüstan azərbaycanlılarından olduğu bildirilib.