Türkiyə prezident Tayyib Ərdoğan şənbə günü mərkəzi bankın sədrini vəzifəsindən azad edib. Onlar arasında tənəzzülə uğrayan iqtisadiyyatı canlandırmaq üçün faiz dərəcələrinin azaldılmasının zamanlaması ilə bağlı fikir ayrılıqları yaşanırdı.
Mərkəzi bankın sədri Murat Çetinkayanın vəzifə müddəti 2020-ci ildə bitəcəkdi. Onu, müavini Murat Uysal əvəzləyəcək. Bu barədə rəsmi qəzetdə dərc olunan prezident sərəncamında məlumat verilib.
Çetinkayanın işdən çıxarılmasının səbəblərinə dair məlumat verilməyib, lakin hğkümət mənbələri Ərdoğanın bankın zəifləyən liranı dəstəkləmək üçün bençmark faiz dərəcələrini ötən sentyabrdan bəri 24 faizdə saxlamasına görə qəzəbləndiyini bildirib.
Türkiyə iqtisadiyyatı 2019-cu ilin əvvəlində ard-arda iki rüb kəskin yavaşlayıb, çünki valyuta böhranı, davamlı inflasiya və yüksək faiz dərəcələri ümumi məhsuldarlığa ziyan vurub.
Unikal.org "Amerikanın səsi"nə istinadən bildirir ki, Ərdoğan iqtisadiyyatı canlandırmaq üçün faiz dərəcələrinin aşağı olmasını istəyir.
"Prezident Ərdoğan faiz dərəcələrindən narazı idi və hər fürsətdə bunu dilə gətirirdi. Bankın iyun ayında faiz dərəcələrini eyni saxlamaq qərarı onun Çetinkaya ilə olan problemini dərinləşdirib"- deyə, adının açıqlanmasını istəməyən yüksək səviyyəli hökümət rəsmisi Reuters-ə bildirib.
"Ərdoğan iqtisadiyyatı yaxşılaşdırmaq niyyətindədir bu səbəbdən də Çetinkayanı işdən çıxarmağa qərar verib", o əlavə edib.
Təhlilçilər düşünür ki, mərkəzi bank iyulun 25-də keçiriləcək iclasda pul siyasətini yüngülləşdirə bilər.
Lakin Çetinkayanın işdən çıxarılması Türkiyənin Rusiyanın hava müdafiə sistemlərini ölkəyə gətirməyi gözləndiyi vaxtdan bir neçə gün öncəyə təsadüf edib. Türkiyənin bu addımı ABŞ-ın sanksiyalar tətbiq etməsinə gətirib çıxara, bu da öz növbəsində liraya təzyiq göstərə bilər.
Hökümətə yaxın iki mənbə Reuters-ə bildirib ki, hökümətlə mərkəzi bankın sədri arasında pul siyasəti ilə bağlı fikir ayrılığı son aylarda kəskinləşib.
Prezident və maliyyə naziri onun istefasını tələb edib, lakin Çetinkaya onlara bankın müstəqil olduğunu xatırladaraq, istefaya getməyi rədd edib.
Çetinkaya ötən il liranı dəstəkləmək üçün bençmark faiz dərəcələrini ümumilikdə 11.25 faiz artıraraq 24 faizə çıxarıb.
Kürəkəni maliyyə naziri olan Ərdoğan dəfələrlə mərkəzi bankı faiz dərəcələrini yüksək tutduğuna görə tənqid edib.
"Prezident və maliyyə naziri onun istefasını tələb edib, lakin Çetinkaya onlara bankın müstəqil olduğunu xatırladaraq, istefaya getməyi rədd edib" - deyə, hökümətə yaxın bir mənbə bildirib.
Mərkəzi bank şənbə günü yaydığı bəyanatda müsətqil şəkildə fəaliyyət göstərməyə davam edəcəyini və yeni sədrin əsas məqsədinin qiymət sabitliyini qorumaq olacağını bildirib.